
Azərbaycanın 21 yaşa qədər futbolçulardan ibarət milli komandası qrupda növbəti məğlubiyyətini aldı.
AÇ-2025-in seçmə mərhələsində mübarizə aparan gənclər yığması İspaniyada Ukraynaya məğlub oldu – 0:1.
Milli ilə səfərə çıxanlar arasında ölkənin tanınmış məşqçilərindən sayılan, baş məşqçi kimi 5 dəfə ölkə çempionluğunu qazanan, hazırda AFFA-nın Məşqçilər Komitəsində yer alan Ağasəlim Mircavadov da var idi.
76 yaşlı mütəxəssis Sportinfo.az-a açıqlamasında gördüklərindən söz açaraq səfər təəssüratlarını bölüşüb:
“Ukraynanın gücündən danışmaq artıqdır. Çox güclü komandaya sahibdirlər. Qrupda keçirdikləri bütün oyunları udublar, hətta İngiltərəni də məğlub ediblər.
Rəqibin gücünə baxmayaraq, millimizin xoş təsir bağışladığını deməliyəm. Düzdür, ilk hissəni bəyənmədim, hücuma çıxa bilmirdilər. Amma fasilədən sonra nəsə etməyə çalışırdılar.
Həmişə dediyim söz var, U-21-in əsas məqsədi nəticə qazanmaq yox, əsas milliyə futbolçu yetişdirmək olmalıdır.
Gənc futbolçular burada beynəlxalq oyun təcrübəsi toplamalı, milli formasının ağırlığını dərk etməlidir ki, əsas yığmada çətinliklə üzləşməsinlər.
Futbolçuların oyun keyfiyyəti varsa, nəticə özü gələcək. Nəticə dalınca düşməyə gərək qalmayacaq. Ona görə də ilk növbədə məzmunlu və ağıllı oynamağı bacarmalıdırlar.
U-21-in Antalya toplanışını yaxından izləmişdim. Bakıda Şimali İrlandiya ilə Lüksemburqa qarşı keçirdikləri oyunlara da baxmışdım.
Yəni bu komandanı yaxşı tanıyıram. Hazırkı heyətdə bəyəndiyim futbolçular var.
Əsas iş klublarda görülməlidir. Futbolçular yığmaya 5-10 günlük gəlir, amma ilboyu klublarda olurlar. Klublarda inkişaf olmasa, millidən nəsə gözləmək artıqdır”.
U-21 millimizin yer aldığı qrupa Ukrayna 15 xalla liderlik edir. İkinci sıradakı İngiltərənin 12, üçüncü pillədəki Serbiyanın 9 xalı var. Azərbaycan, Şimali İrlandiya və Lüksemburq hərəyə 3 xalla 4-6-cı yerləri bölüşürlər.
Samir Əliyevin rəhbərlik etdiyi kollektiv növbəti görüşünü gələn il martın 22-də Bakıda İngiltərəyə qarşı keçirəcək.
HƏBİB