.jpg)
“Millinin hər bir futbolçusu şərəfini qoruduğu ölkənin himninin sözlərini əzbər bilməlidir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Azərbaycan millisinin bəzi futbolçularının dövlət himnimizi oxumamamasına münasibət bildirərkən deyib.
Belçika – Azərbaycan matçından əvvəl milli marşımız çalınarkən komandamızın heyətində 4 nəfər – Eddi İsrafilov, Aleksey İsayev, Renat Dadaşov və Höccət Haqverdi himnin sözlərini bilmədiklərini susmaqla göstərdilər.
Mavi ekran qarşısında əyləşən yüzminlər acınacaqlı vəziyyəti mütləq ki, gördü.
Halbuki himnin sözlərini əzbər bilmək hər bir futbolçunun boynunun borcudur. Təbii ki, söhbət formasını geydiyi ölkənin atributlarına hörmət edənlərdən gedir.
Maraqlıdır, “Qəbələ”nin çalışdırıcısı nəvaxtsa millini çalışdırsa, himni əzbərləməyi futbolçuların qarşısına tələb qoyar? Milli marşımızı oxumayanlara yığmada yer olmalıdır?
Həmkarlarından sakit təbiətli olması ilə seçilən Baxşıyevi dinləyək:
“Hazırda milli komandada çalışmadığıma görə konkret nəsə deyə bilmərəm. Dediyim kimi, millinin formasını geyinən hər kəs himni əzbər bilməlidir. Üstəlik, uzun müddətdir bu ölkədə yaşayırlarsa, öyrənmələri vacibdir”.
Maraq üçün bildirək ki, hazırda yığmanın şərəfini qoruyan milliləşdirilmişlərdən Şahruddin Məhəmmədəliyevlə Anton Krivotsyuk Azərbaycan dövlət himnini əzbərləyib.
HƏBİB