COP29

De Byazinin həyasızılığının ən QARA üzü

25 Noyabr 2023 16:40 Milli komanda 482
De Byazinin həyasızılığının ən QARA üzü

Canni De Byazi ölkəmizə gələndə ondan mədət umanlar az deyildi.

Hardasa, müəyyən əsasları da vardı.

Ki, italiyalı qısa müddət öncə heç də güclü millilərdən hesab olunmayan Albaniya yığmasını Avropa çempionatına apara bilmişdi.

Lakin çox qısa zaman bəs etdi ki, onun haqqında yaradılan mif darmadağın olsun.

Öncə onun rəhbərliyi altında oynadığımız Millətlər Liqasında hədəf liderlik olsa da, sonuncu turda qələbə qazanmaqla qrup sonuncusu olmaqdan qurtulmuşduq.

Halbuki birinci Millətlər Liqasında Qurban Qurbanovun baş məşqçisi olduğu milli sonuncu turda qrup qalibi olmaq şansını itirmişdi.

Ən azı bu fakt bəs edirdi ki, özünə hörmət edən mütəxəssis istefa verib getsin.

Amma qaldı.

Bu dəfə Dünya Çempionatının seçmə mərhələsində fiasko yaşadıq. Komanda 8 matçda aktivinə cəmi 1 xal yazdıra bildi.

Utanmaz De Byazi yenə getmək yox, qalmaq barədə qərar verdi. Federasiyada oturan rəsmilər də sevə-sevə ona "ok" dedi.

Onun simasızlığının klüminasiya nötəsi isə AÇ-2024-ün seçmə mərhələsinin sonunda yaşandı.

6 xal gözü ilə baxdığımız estonlardan aldığı 4 xala utanmaq əvəzinə, heç bir iddiası qalmayan İsveç üzərindəki 3:0-lıq qələbəni əlində bayraq etməyə başladı.

Hətta həddini o qədər aşdı ki, qrupun son matçında, Belçikaya darmadağınla uduzduğumuz (0:5) görüşdən sonra jurnalistləri ağır təhqir etməkdən belə çəkinmədi.

De Byazi bununla da sakitləşmək bilmədi.

Onun həyasızlığının ən qara nöqtəsi Qara Qarayevlə bağlı çıxışı ilə tamamlandı.

67 yaşlı qoca gedişindən 1 gün əvvəl təcrübəli yarımmüdafiəçini milliyə niyə çağırmamasının səbəbini dilə gətirdi.

Və 10 ildən artıq Azərbaycan millisinin formasın geyinən, 76 görüşdə şərəflə ölkənin bir nömrəli komandasına xidmət edən futbolçumuzu şərləməklə yadda qaldı.

Baxın, budur Azərbaycan futboluna caladığınız əcnəbilərin əsl siması.

De Byazinin azğınlığı AFFA rəsmilərinə, xüsusilə əcnəbi baş məşqçi sevdası ilə alışıb-yanan futbol başbilənlərimizə yaxşı sillə olsun.

Ki, yuxudan ayılıb, həqiqətləri görsünlər.

Özümüz olsunlar, özümüz olanlara qiymət verməyi bacarsınlar.

Yetər illərdi futbolumuza əlindən gələni edən məşqçilərimizə, futbolçularımıza etdikləri sayğısızlıq.

Yox, yuxudan heç ayılmasınlar. O adamları da De Byazinin ardınca AFFA-nın binasından yola salmaq lazımdır.

Qalan ömürlərin də həmin yuxuda keçirib, başa vursunlar.

Səssiz-səmirsiz!

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"