
Azərbaycan millisinin məşqçisi Arif Əsədov Canni De Byazi ilə bağlı maraqlı etiraf edib.
53 yaşlı mütəxəssis italiyalı çalışdırıcının gedişinə üzüldüyünü dilə gətirib.
Bildirib ki, italiyalının yığmadan ayrılması onun üçün sürpriz oldu:
“Çünki burada qalmaq, işinin davamını gətirmək istəyirdi. Üç ilə yaxın bir yerdə çalışdıq.
Hər şeyi bir yerdə müzakirə edirdik, birgə qərar verirdik. De Byazinin yeni gəldiyi vaxtla indikini müqayisə etsək, fikrimcə, komandada yaxşıya doğru dəyişiklik var idi”.
Canni De Byazi 2020-2023-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib. Komanda AVRO-2024-ün seçmə mərhələsində 7 xalla yer aldığı F qrupunda 4-cü yeri tutub.
Məlum olduğu kimi, dünən AFFA İcraiyyə Komitəsinin toplantısı keçirilib və apenninli çalışdırıcı burada qısa çıxış edib, müqaviləsinin müddətini uzatmaq istəmədiyini söyləyib və toplantı zalında axıradək əyləşməyib.
Belə çıxır ki, Arif Əsədov yalan danışıb?
Əslində, yox! Köməkçisi De Byazi ilə illərlə çalışıb, onu pis tanımır. Hər sözü olmasa da, bu müddətdə çox şeyi bölüşüblər.
Əgər o, buradan ayrılmaq fikrində olsaydı, bunu yardımçısına hiss elətdirərdi.
Soyuq çayını üfürə-üfürə içən bir şəxs kimi tanıdığımız Əsədov De Byazinin işini davam etdirmək istədiyini açıqlayırsa, demək ki, tərəflər arasında açıq söhbət gedib.
Elə isə italiyalı niyə İcraiyyə Komitəsində o cür mövqe sərgiləyib?
Bizdəki məlumata görə, 67 yaşlı çalışdırıcı komitənin iclasından 1 gün öncə AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovla danışıb, onun vasitəsilə federasiya rəhbərliyinin mövqeyini öyrənib.
Prezident Rövnəq Abdullayevin və digər söz sahiblərinin ona yeni kontrakt təklif etməyəcəyini dəqiqləşdirib, odur ki, bu cür qabaqlayıcı addım atıb.
SPORTİNFO.AZ