
Azərbaycan millisi AVRO-2024-ün seçmə qrup mərhələsi oyunlarını 2 qələbə, 1 heç-heçə, 5 məğlubiyyətlə başa vurub.
Yığmamız Canni De Byazinin başçılığı altında topladığı 7 xalla 5 komandalı qrupda 4-cü yeri tutub.
Məlum olduğu kimi, AFFA 67 yaşlı italyan mütəxəssislə başa çatmaqda olan müqaviləni yeniləməyib. İndi futbol ictimaiyyətini bir sual maraqlandırır - növbəti dönəm üçün millinin baş məşqçisi kim olacaq?
Millinin yeni baş məşqçisi yerli mütəxəssis olmalıdır, yoxsa yenə əcnəbi?..
Yaxud məşqçi dəyişikliyi bizə nə verəcək?..
Sportinfo.az saytının təsisçisi İlkin Vaqifoğlu mediasport.az-ın hər iki sorğusunu cavablandırıb:
"De Byazi ən geci iki il öncə getməli idi. Bu məsələ çox gecikdi.
Onun Azərbaycan futboluna perspektiv vəd etmədiyi 2020-2021-ci ildə aydın idi. Sadəcə, AFFA zaman itirdi.
Ötən illərdə olduğu kimi, yenə millimizin növbəti uğursuzluğunun əsasını qoydu. Suallar haçalanır, bir çoxları deyir ki, baş məşqçi yerli olmalıdır, bəziləri isə əcnəbi.
Mən də düşünürəm ki, yerli mütəxəssis olmalıdır. 2006-cı ildən bu tərəfə olan statistikanı incələsək, görərik ki, yerlilərdən yalnız Qurban Qurbanov millinin baş məşqçisi olub, o da 1 il.
Ondan sonra yığmamızı əcnəbilər çalışdırıb. Əcnəbilərin rəhbərliyi altında milli komandamız olduqca pis çıxış edib.
Bu qədər xariciyə şans verməkdənsə, bir dəfə də öz həmyerlimizə şans vermək lazımdır. Mən də futbol ictimaiyyəti, əksər jurnalistlər kimi,
Rəşad Sadıqovun namizədliyinə müsbət yanaşıram. İndiki halda Qurban Qurbanovun yenidən iki yerdə işləməsinə və yaxud "Qarabağ"la vidalaşmaq istəyəcəyinə inanmıram.
Həmçinin Ayxan Abbasov və Samir Abasovun da çalışdığı klubları tərk edəcəyinə inanmağım gəlmir.
Ona görə də indiki halda ən real variant Rəşad Sadıqovdur. Sadıqov uzun illər millinin kapitanı olub, yığmada ən çox oyun keçirmiş futbolçudur.
O, millinin ab-havasını bilir, ölkə çempionatını yaxşı tanıyır. Bizim üçün, həm də Rəşad Sadıqov üçün maraqlı seçim olar.
Sadıqovun hələ 2-3 il öncə yığmamıza gəlmək istəyini müşahidə eləmişdik. O vaxtı şans almadı, təki, indi şans alsın. Rəşad Sadıqov baş məşqçi olsa, heç kim etiraz etməz.
Əsas məsələ isə yeni gələn baş məşqçinin hansı fəlsəfə ortaya qoymasıdır. Ona nə qədər şans veriləcək, çox önəmlidir.
Bunları dəqiqləşdirmədən baş məşqçi dəyişikliyi bizə nə verəcək demək çətindir. Yeni gələn məşqçi yerli olsa, AFFA rəhbərliyi ən azı De Byaziyə verdiyi vaxtı ona verməlidir.
O vaxt bir ildən sonra Elxan Məmmədov Qurban Qurbanovun "torbasını tikdi". İstəməzdim ki, ya azərbaycanlı, ya da əcnəbi mütəxəssis eyni aqibəti yaşasın".