Canni De Byazini Azərbaycana gətirdilər ki, başını işə salıb, bəlkə, yığma komandaya bir əlaca edə.
Axı həmin başla Albaniya yığmasını Avropa çempionatına apara bilmişdi.
İtaliyalı çalışdırıca da uğuru ilə bərabər başını da Tiranada qoyub Bakıya gəldi.
Onun özünü bu qədər buraxmasına, dilini bu qədər işlək etməsinə başqa səbəb tapa bilmirəm.
O, təkcə Belçikada dilindən çıxan ədəbsiz sözlərlə üst-başını bulaşdırmadı. Elə ilk gündən lazımsız fikirləri tökə-tökə gəlir.
Onun sözlərinin murdar qoxusu çoxdan AFFA-nın binasını bürüməli, orada əyləşən rəsmilər də bunu hiss etməli və tədbir görməliydi.
Görmədilər...
Belədə o niyə tək günahkar olsun?
Əgər arxada qalan 3 ildə AFFA-da özünə əsl azərbaycanlı deyən bir şəxs onun qarşısına çıxıb, yavaşlamalı olmasını dilinə gətirə bilmirsə, Canni niyə dilinə "sus" əmri versin?
Əgər Millətlər Liqasında sonuncu olmaqdan son turda qurtulan bir məşqçiyə qapını yox, evin başını göstərirlərsə, o, niyə sussun?
Halbuki Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan millisi Millətlər Liqasında birinci pilləni son turda əldən vermişdi.
Və göndərilmişdi...
Özünə azərbaycanlı deyən azərbaycanlı veteranların, rəsmilərin müşayiəti altında.
Hamıs lal-kar biədəb mənzərəni izləmişdi.
Təkcə futbolumuzun yox, həm də ölkəmizin sayılıb-seçilən şəxsiyyətinin haqsız gedişinə tamaşa etmişdilər.
Əgər Dünya çempionatının seçmə mərhələsini bir xalla bitirən məşqçiyə yeni müqavilə təklif olunursa, o, niyə sussun?
Və bu müddətdə bu qədər yanlış qərarlara, haqsızlıqlara nümayişkarənə şəkildə etiraz edən bir azərbaycanlı görmədik.
İcraiyyə Komitəsində, Məşqçilər Komitəsində oturanlar başda olmaqla hər kəs gözünü döydü.
O isə gözünü yumub, ağzından çıxanı ətrafa səpdi.
İçində bir adam AFFA-ya sərt etiraz etmədi, istefa verib getmədi.
Guya bu komitələr olmasa acından öləcəkdiz?
Əksəriyyətinizin sağlığına qismət nəslinə yetəcək qədər pulu var.
Amma yenə pulu Azərbaycan millisinin taleyindən üstün tutdunuz. Tarixdə isə elə tutduğunuz bu yol qalacaq, qazandığınız pullar yox.
XANOĞLAN İMANOV