Azərbaycan millisinin İsveç üzərində böyük hesablı qələbəsindən sonra göylərə qalxanlar, kimlərisə qaldırmağa çalışanlar heç də az deyildi.
Bu eyforiya ki, var, çox pis şeydi.
Həvəskarların bu şakərini başa düşmək, yola vermək olar. Bəs peşəkarlara nə söz?
İndi necədir yeriniz?
Domeniko Tedeskonun yetirmələri həmin millini cəmi 3 gün sonra yerin dibinə saldı.
Belçikanın qonağı olan Canni De Byazinin yetirmələri meydandan 0:5 hesablı məğlubiyyətlə ayrıldı.
Bəli, güclü rəqiblə oyunda belə hesab da anlaşılandı. Nəzərə alaq ki, uzun müddət meydanda bir nəfər azlıqda qalmışıq.
Amma İsveçi udacaq gücdə olan milli (həm də böyük hesabla - 3:0) Belçika kimi rəqib önündə də bu qədər aciz olmamalıydı.
İndi əksər futbol adamları oturub görüşü şərh edirlər.
Birinin fikrincə Bəhlul Mustafazadə və Ramil Şeydayev cəzalı durumda olmasaydı bizim üçün müəyyən mənada işlər yaxşı gedə bilərdi.
Kimisi darmadağını cəmi 26-cı dəqiqədə qısa müddətdə aldığı 2 sarı vərəqə sonrası komandamızı azlıqda qoyan Eddi İsrafilovla bağlayır.
Guya azlıqda qalmayana kimi meydanda millinin varlığl bilindirdi ki?
Eddi yox, Coşqun Diniyev əsas heyətdə başlasa yığmanın daha effektiv olacağını düşünənlər də az deyil.
Bu xüsusda hələ çox fərziyələr, iddialar sadalaya bilərik.
Hər kəsin şəxsi fikrinə hörmət edirəm.
Amma...
Dostlar, qardaşlar həqiqətin üzü bir olur.
Və bu gün həqiqət odur ki, hətta iki Bəhlul, iki Ramil də meydanda olsaydı Belçika önündə şansımız yox idi.
Çünki rəqib üçün bu matçda qələbə qazanmaq lazım idi. Ki, qrup mərhələsini lider kimi tamamlasın.
Sonuncu dəfə rəqibə qələbə lazım olduğu halda bizim 3 xal qazandığımız nə vaxt olub?
Mənim estonlardan başqa kimsə ağlıma gəlmir.
Bəyənmədiyimiz, özümüzdən səviyyəcə aşağıda gördüyümüz qazaxları belə məhz qələbəyə ehtiyac duymadıqları durumda udmuşuq.
Bu gün də oturub həmin qazaxların birbaşa Avropa çempionatına getməsinə azarkeşlik edirik. Ki, bəlkə bizə də millətlər liqasından bir yol açıla.
Görürsüz, necə də safıq.
Guya millətlər liqasında pley-off oynasaq nə dəyişəcək?
Axı orda qələbəyə ehtiyaclı Yunanıstan, Gürcüstan, Lüksemburq milliləri bizi gözləyir.
İndiki millinin isə gücü ən yaxşı halda bizdən də bərbad gündə olan estonlara çata bilər.
İsveç kimi güclü milliləri udmaq üçün isə motivasiyasız, ruhsuz günlərini gözləmək lazımdır.
Əgər belə qələbələr bizə lazımdırsa...
XANOĞLAN İMANOVA