“Allah eləsin, Azərbaycan millisi son 2 oyunda uduzsun” – Günümüzə bax!

16 Noyabr 2023 20:00 Milli komanda 956
“Allah eləsin, Azərbaycan millisi son 2 oyunda uduzsun” – Günümüzə bax!

O gün qeyri-idman sahəsində işləyən dostlarla məclisdə oturmuşduq.

Ötüb-keçənlərdən, qalıb-gedənlərdən danışa-danışa gəlib çıxdıq futbola.

Biri qayıtdı ki, bəs, Allah eləsin Azərbaycan millisi növbəti 2 oyunda uduzsun. “Amin” deyən olmasa da, hamının ürəyindən tikan çıxdı elə bil.

Hər dəfə seçmə mərhələnin sonunda ölkə futbolsevərləri millinin uduzmasını istəyir, amma yekundakı vəziyyət istənilən kimi olmur. Milli finişə yaxın hansısa möcüzəni gerçəkləşdirməklə baş məşqçinin postunda qalmasına imkan yaradır.

Yenə həmin vəziyyətdir. Azərbaycana pul qazanmaq üçün gəldiyini hərəkətləri və açıqlamaları ilə açıq-aydın göstərən Canni de Byazi üçün İsveç və Belçika ilə matçlar həlledici andır.

AVRO-2024-də komandamıza 4 xal qazandıran italyan yol üstədir. Ardıcıl 2 məğlubiyyətlə qapını arxadan bağlayacaq.

Vay o günə ki, ölkənin bir nömrəli futbol komandası sensasiyaya imza atıb İsveçlə Belçikadan birini uda, ya da xal ala. Vəssalam, qanımız getdi.

De Byazi iki əllə yapışdığı kreslonu buraxmayacaq. “Dur” desən də durmayacaq, “get” desən də getməyəcək. Ötən ilki vəziyyət təkrarlanacaq.

İtalyan nağıllar oxuyacaq, rəhbərlər ona qulaq asacaq və beləcə, gələcəklə bağlı şirin vədlərin xoş sədaları altında yeni müqavilənin imzaatma mərasimi baş tutacaq.

Ona görə də adam bilmir dostumun dediyi kimi, milliyə son 2 oyunda uğursuzluq arzulasın, yoxsa uğur diləsin. Birinci etmək ayıb görünür, ikinci təhlükə yaradır.

Günümüzə bax, sən Allah!

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti