Azərbaycanın minifutbol millisi Birləşmiş Ərəb Əmirliklərində keçirilən dünya çempionatında uğurlu çıxışla yadda qalmaqdadır.
Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv qrup mərhələsini inamla aşmaqla Portuqaliya və Bolqarıstan seçmələrini mübarizədən kənarlaşdırıb.
Yığmamız bir qədər sonra finala çıxmaq uğrunda Qazaxıstanla üz-üzə gələcək.
Komandamızın əsas fiqurlarından olan Təmkin Xəlilzadə önəmli qarşılaşmadan öncə Sportinfo.az-a açıqlama verib:
“Bura son Avropa çempionu qismində gəlmişik. Hədəfimiz həqiqətən böyükdür.
Əsas məqsədimiz qrupdan çıxmaq idi ki, buna 100 faizlik nəticə ilə nail olduq.
Pley-offda Portuqaliya ilə oyun gözlədiyimizdən də çətin keçdi. Rəqibə şans vermədən inamlı qələbə qazandıq.
Bolqarıstanla matç qırılma nöqtəsi idi. Əm çətin matçımız oldu və ən vacib qələbəni əldə etdik.
Bugünkü oyuna gəlincə, Qazaxıstan turnirin turunun favorit komandasından biridir.
Çox yaxşı futbol oynayırlar, anlaşma səviyyəsi yüksəkdir. Dünya çempionatının güclü komandalarından olan Meksika ilə Çexiyanı mübarizədən kənarlaşdırıblar.
Bizi finala bərabər oyun gözləyir. Çox yaxşı hazırlaşmışıq.
Finala yüksəlmək üçün sonuncu addımdır. Xalqımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik”.
Yarımfinal mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
HƏBİB

