"Portuqaliya kimi komandanı udduq, bütün xalqımızı təbrik edirəm"

2 Noyabr 2023 13:20 Milli komanda 725
"Portuqaliya kimi komandanı udduq, bütün xalqımızı təbrik edirəm"

“Futbolçular verilən tapşırıqları tam ideal şəkildə yerinə yetirdilər. Onlara təşəkkür edirəm”.

Sportinfo.az xəbər verir ki, bunu minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının 1/8 finalında Portuqaliyanı 3:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

Mütəxəssis rəqibin Serbiya kimi güclü kollektivi qrupda saxladığını xatırladıb:

“Onları məhz bu komandaya qarşı oyunlarına baxıb təhlil etmişdik. Bilirdik ki, çox yüksək texnikaya malik oyunçuları var və əks-hücumda təhlükəlidirlər.

Məhz buna uyğun da plan qurmuşduq. Portuqaliya kimi komanda üzərində inamlı qələbə qazandıq.

Bütün xalqımızı təbrik edirəm. Bizi dəstəkləməyə davam etsinlər. Onların etimadını doğrultmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

Quliyev 1/4 finaldakı şanslarından da söz açıb:

“Bolqarıstan yığması da güclü rəqibdir. Artıq bu görüşdən sonra final və çempionluq haqqında düşünmək olar”.

Azərbaycan - Bolqarıstan görüşü bu gün, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti