Oktyabrın 13-də səfərdə Estoniyanı məğlub edən Azərbaycan seçməsi bazar ertəsi Bakıda Avstriya ilə qarşılaşdı.
Maraqlı və gərgin keçən oyunda avropalılar ikinci hissənin əvvəlində vurulan penalti qolu hesabına qələbə qazanmaqla AVRO-2024-ə vəsiqəni təmin etdi.
Həmin penalti olmasaydı, Toral Bayramov son saniyələrdə əlinə düşən 100 faizlik qol fürsətini dəyərləndirə bilsəydi, indi fərqli mənzərədən bəhs edərdik.
Oyun başa çatandan sonra qol imkanını qaçıran Toral azarkeşlərin qəzəbinə tuş gəlib. Estoniyaya qol vuran, Avstriyaya qarşı meydanda ən yaxşılardan olan “Qarabağ”ın müdafiəçisi anti-qəhrəman kimi qələmə verilib. Bu da milli komandanın məğlubiyyətinə yazılan şərhlər:
“Toralın yerinə De Byazi olsaydı, qol vurardı”.
“Ay Toral, hər şeyi yaxşı etdin. Amma o topu dirəyə vurmalı deyildin”.
“Musanı İsveçdən bura ehtiyatda oturmağa gətirmişdiniz? Ölkədə 10 milyon nəfər hər dəfə baş məşqçini yad edir, rədd edin də bunu. Toral, sənə sözüm yoxdur”.
“7 metrlik qapının içindən çölə vurmaq daha çətin idi”.
“Futbolçularının ümumi dəyəri 250 milyon avro olan rəqibə qarşı başabaş oynadıq. Əhsən, milli”.
“De Byazi, rədd ol millidən. Dayday hesabına çağırdığın Höccət “11-lik”də oynamağı haqq etmir. Qara ilə Maksim şəxsi ədavətə görə kənarda qalıb”.
“Bu oyunu baş məşqçi uduzdu. Açıq-aşkar görünürdü ki, bəzi futbolçular 60-cı dəqiqədən sonra çatdırmır. Dəyişiklikləri gec etdi, bəzilərini sona qədər meydanda saxladı”.
“Daha əvvəlki kimi 1:4, 0:5 uduzmuruq. 2 oyunda nəticə xeyrimizədir. 2 top vurub, 1-ni buraxmışıq, 3 xal qazanmışıq. Əhsən! De Byazini daha 5 il saxlamaq lazımdır”.
“Bu məşqçi getməyincə, millimiz qalib ölkənin məğlub komandası kimi davam edəcək. Rədd edin getsin də bunu”.
Azərbaycan millisi qrupdakı son iki görüşünü noyabrın 16-da Bakıda İsveçə, ayın 19-da səfərdə Belçikaya qarşı keçirəcək.
HƏBİB / SPORTİNFO.AZ

