“Düşünürəm ki, bu heyətlə Canni de Byazisiz də yaxşı nəticələr əldə etmək olar.
Milliyə ciddi faydasının dəydiyini düşünmürəm.
Onun yerində hansı yerli məşqçi olsa, ən azı bu nəticələri qazanmaq mümkündür”.
Azərbaycan millisinin sabiq futbolçusu, İkinci Liqada mübarizə aparan “Cəbrayıl”ın baş məşqçisi Cavid Hüseynov Sportinfo.az-a açıqlamasında yığmanın hazırkı durumunu şərh edib.
35 yaşlı mütəxəssisin fikrincə, De Byazinin yerində kim olsa, yığma indikindən daha yaxşı nəticələrə imza atar. O, özünün də rəhbərliyi altında oynadığı Prosineçkinin dövrünü misal göstərib:
“Bu futbolçular öz komandalarında daim oynayan ən yaxşı futbolçulardır. Xeyli sayda milli üzvü ölkə xaricində legioner həyatı yaşayır. Bu komanda ilə daha yaxşı nəticələr qazanmaq olar.
İndiyə qədər millimizi çalışdıran məşqçilərdən giley-güzar etmişik. Hansı məşqçidən razı olmuşuq ki?
Müəyyən mənada Robert Prosineçkini fərqləndirə bilərik. Niyə? Çünki oynatdığı futbol göz oxşayırdı, hər kəs tərəfindən sevilirdi.
Hər yeni gələn öz strategiyasını yeritməyə çalışır. Planlarını qurur, bunun üzərində işləməyə başlayır, nəticədə illəri itiririk. Baxmalıyıq, bu gün bizə strategiya lazımdır, yoxsa nəticə?”
Cavid Hüseynov 2009-cu ildən 2019-cu ilə qədər şərəfini qoruduğu Azərbaycan millisində meydana çıxdığı 51 matçda 2 qolla yadda qalıb.
HƏBİB

