Söyüş "anarxiyası"

15 Fevral 2020 18:39 Köşə 1 779
Söyüş "anarxiyası"

«Zirə»nin sabah necə olacağını, sonadək avrokuboklar uğrunda mübarizə aparıb-aparmayacağını proqnozlaşdırmaq çətindir.

Zaur Həşimovun bu barədə verdiyi bəyanat, işlətdiyi sözlər qətiyyən «doqquzluğ»a düşmür indi.

«Qarabağ»dan 6 qol buraxmaq faciə deyil. «Zirə» Samir Abasovun zamanında da 6 qollu məğlubiyyət alıb rəqibindən. Hesabdan hesaba fərq yoxdur, yekunda üzgün olan, üzülən tərəf sənsən.

Fərq oyundadır, oyunun olub-olmamasındadır. «Zirə» üçüncü dövrəyə «Sabah» üzərində qələbəylə başlamasına əksəriyyət aldandı. 2:0, elə bil, mövsümün finiş, həlledici matçı kimi göründü gözlərə, yazılıb-pozuldu ki, bitdi, hər şey aydındır, «Zirə» yüz faiz avrokuboklara gedəcək. Həşimovun yeni gətirdiyi legionerlərə qoşulan tərifləri eşidən, dinləyən olsaydı, deyərdi, hə, Azərbaycanın öz Rza Çalımbayı, «Sivasspor»u var artıq.

Nə var, nə yox, bu gün «Qarabağ» bir daha nümayiş etdirdi. «Qarabağ» ilk 18 dəqiqədə vurduğu 3 qolla kifayətlənəcəkdi bəlkə də. «Zirə»nin «daşdan yumşaq» müdafiəsi onlara bütün gücünü qoymadan daha 3 dəfə fərqlənməyə imkan yaratdı. Qonaqların ürəyindən yenə qol vurmaq keçsəydi, matçın sonunadək daha üç-dörd dəfə tablodakı rəqəmləri dəyişdirərdilər.

Bugünkü hesab Zaur Həşimovu silkələyər yəqin. 0:6 ona o qədər mövzu verdi ki… Cavid Hüseynovun «qırmızı»sı da həmçinin. Həşimov özünü və «Zirə»ni qurtarmaq istəyirsə, elə bu «qırmızı»nın səbəbkarından başlamalıdı.

Komandadan göndərilməsi gərəkən bir nömrəli futbolçu Caviddir elə. O, «Qəbələ»dən tanıdığı Hüseynov deyil, kölgəsidir.

«Zirə»nin ən ödənişli futbolçusu olan Cavidə, yəqin ki, kapitanlıq sarğısını yaşını və təcrübəsini nəzərə alaraq veriblər. Amma doğrultmur özünü. Söyüşün biri bir qəpik… Yalnız bunu bilir.

Ötən həftə Sumqayıtda Orxan Məmmədova «dişinin dibindən» çıxanı söylədi, bu gün də Rəhim Həsənova. Hətta bununla kifayətlənməyib, meydandan çıxandan sonra da təhqirlərini davam etdirdi.

Özbaşınalıq və saymazyanalıqdır bu. Cavid bu qəbildən olan davamlı qeyri-etik hərəkətləri ilə yalnız hakimləri hədəf almır. Eyni zamanda formasını geyindiyi klubun rəhbərliyini, məşqçilərini, futbolçu yoldaşlarını göydən yerə çırpır. Kapitan belədirsə, görün indi Zaur Həşimov digər oyunçularından nə çəkir!

Oyun və nəticənin əsası nizam-intizamdır. Böyük ölçüdə ondan asılıdır. İntizam olmayan yerdə dərəbəylik hökm sürər. Necə ki, Həşimovun çalışdırdığı komanda məhz bu vəziyyətdədir: anarxiya baş alıb gedir.

SPORTİNFO.AZ

Xəbər Lenti