İndi bildiz ki, pley-offda uduzan "Qarabağ" niyə "sağ ol"u haqq edir?

26 Avqust 2022 22:20 Köşə 3 953
İndi bildiz ki, pley-offda uduzan "Qarabağ" niyə "sağ ol"u haqq edir?

Dünən Konfrans Liqasında təsnifat mərhələləri başa çatdı.

Qrup mərhələsinə yüksələn 32 klub arasında Litva, Latviya, Lixtenşteyn və hətta bədnam qonşuların da klubu var, amma Azərbaycan klubu yoxdur.

Bizim “Qəbələ” və “Zirə” ikinci, “Neftçi” isə üçüncü mərhələdə uduzaraq Konfrans Liqasında mübarizəni dayandırdı.

“Ağ qaralar”ın uduzduğu və buna görə haqq verdiyimiz “Rapid”i isə cırtdan ölkə təmsilçisi “Vadust” mübarizədən kənarlaşdırdı.

İndi bildiniz ki, niyə ÇL-in pley-offunda uduzub, AL-in qrupunda oynayacaq Azərbaycan klubuna "çox sağ ol" deyirik?

Arada eyibimizə kor olaq, bəlkə? Pafosdan uzaqlaşaq da bir az...

Bu ölkənin futbolunun tək ağ nöqtəsi var – “Qarabağ”!

Kiminsə nə vaxtsa hansısa uğurlu oyunun, nəticəsin saya bilərsiniz. Amma sistemli olaraq illərdi bunu edən, təsadüfü zərurətə çevirən tək komanda “köhlən atlar”dı.

Böyük əməyi, fərdi idarəteməsi, xüsusi yanaşması ilə. Belə komandaya isə hər gün “sağ ol” desən azdı.

Bu gün Konfrans Liqasındakı yuxarıda adı çəkilən ölkə təmsilçilərin görüb, əsəbiləşməmək mümkün deyil.

Amma təsəllini nə ilə tapırıq? Məhz daha da sanballı Avropa Liqasında “Qarabağ”ın iştirak etməsi ilə. "Qarabağ" adını görməklə.

O zaman üzümüzü ağ edən, başımızı dik tutan bu komanda niyə "sağ ol"u haqq etməsin, eşitməsin?

Dünən eşidirdi, bu gün də eşidir, hələ bu gedişlə uzun illər də sizləri narahat edən “çox sağ ol”u eşidəcək. E Ş İ T M Ə L İ D İ R!

XANOĞLAN İMANOV

Xəbər Lenti