“Yerli, yoxsa əcnəbi” sualı və ya eşşəyi yox, palanı döymək şakərimiz

20 Noyabr 2021 11:40 Köşə 1 162
“Yerli, yoxsa əcnəbi” sualı və ya eşşəyi yox, palanı döymək şakərimiz

Təxminən, hər iki aydan bir belə olur.

Yığma komanda iki oyun keçirir, biabırçı nəticə olur və başlayırıq, nə başlayırıq...

Baş məşqçini yıxıb-sürüyürük, “yerli, yoxsa əcnəbi” sualı ətrafında “ağıllı-ağıllı” müzakirə aparırıq. Sonra seçmə mərhələ yekunlaşır.

Ən qızğın “müzakirə” də ondan sonra olur. İsrarla iddia edirik ki, əcnəbi yox, yerli məşqçi olmalıdır yığmada.

AFFA rəhbərliyi də bu müddətdə tam sakit oturub, bizim “ağıllı müzakirə”mizi, eşşəyi qoyub, palanı döyməyimizi bic-bic müşahidə edir. Arada bir bığaltı gülümsəyirlər də.

Sonra da öz bildiklərini edirlər, bir əcnəbini göndərib digərini gətirirlər. Bəs ondan sonra biz nə edirik?

Heç nə, başlayırıq həmin əcnəbinin başqa yığmalarla qazandığı uğurlardan yazmağa, onun Azərbaycan futboluna gətirəcəyi yeniliklərlə bağlı proqnozlar verməyə.

O vaxta qədər də yeni seçmə mərhələnin püşkü atılır. Bu dəfə qrupdakı rəqibləri təhlil edir, potensial “xal mənbələri”mizi müəyyənləşdiririk.

Sonra nə olur? Heç nə, seçmə mərhələ başlayır, yığma yenə də uduzur və biz də təzədən başlayırıq palanı döyməyə - baş məşqçini asıb-kəsməyə, “yerli, yoxsa əcnəbi” sualı ətrafında müzakirə aparmağa.

Və beləcə, eşşək, yəni futbolumuzun eşşək boyda problemləri qalır bir qıraqda. Bəs futbolumuzun eşşək boyda problemləri hansılardır?

Qeyri-peşəkar, diletant idarəçilər, uşaq futbolunda infrastrukturun olmamağı.

Nə qədər ki, o eşşək boyda problemlər var, yəni AFFA-ya diletantlar rəhbərlik edir, nə qədər ki, uşaq futboluna yatırım yoxdur, bünövrə tökülmür, o vaxta qədər də belə olacaq.

Eşşəyi qoyub, palanı döyəcəyik. Döyün, qolunuz, ya da ki, diliniz yorulmasın. Müzakirəyə davam. Yeni seçmə mərhələnin püşkatmasına nə qalıb ki....

Natiq Muxtarlı

Xəbər Lenti