15 dəqiqəyə alınan köp

30 İyul 2021 13:20 Köşə 1 498
15 dəqiqəyə alınan köp

Cəmisi 15 dəqiqə bəs etdi.

Bəs etdi ki, “Çikaruçki” “Sumqayıt”ın sıradan bir komanda olduğunu sübut etsin.

Serblər qarşılaşmadan əvvəl də bunu açıq şəkildə deyirdilər: deyirdilər ki, “Sumqayıt” bizə tay komanda deyil.

Amma səfərdə “avtobus”un və bəxtin hesabına edilən heç-heçə köp yaratmışdı. O heç-heçədən sonra xeyli adam vardı ki, bəlağətli sözlər, ifadələr fikirləşmişdilər,

“Sumqayıt” qalib gəlsəydi, şəninə tərif deyəcəkdilər. Alınmadı. Əslində alındı, onların da köpü alındı. Cəmisi 15 dəqiqəyə.

Təkcə onların yox, Azərbaycan futbolunun inkişaf etdiyinə inananların da köpü alındı. Deyirdik ki, “Qarabağ” olmasa, yoxdur Azərbaycanda futbol.

“Qarabağ” çulunuzu sudan çıxardırdı, “Qarabağ” qoturunuza dərman sürtürdü 7 il sərasər avrokubokların qrup mərhələsində iştirak etməklə.

AFFA rəhbərləri də köp ki, köpəsən, köpürdülər. “Keşlə”yə, “Sumqayıt”a yüngül şapalaq bəs etdi. “Neftçi”nin də avrokuboklarda qaldığını güman etməyin.

Zəif “Dinamo”ya qalib gəlib, qalan oyunlarda məğlub ola-ola konfransa liqasının pley-offuna dığırlanmaq avrokuboklarda mübarizə aparmaq hesab olunmasın gərək ki.

Heç “Qarabağ”a da ümid bəsləməyin.

Aşkar görünür ki, o “Qarabağ” deyil, bu “Qarabağ”. Heyət kasad, futbolçu tapılmır.

Məcburiyyətdən yarımmüdafiəçi müdafiədə, müdafiəçi hücumda oynayır. Yalnız təcrübəsi hesabına mərhələ adladı “Qarabağ”.

Sizə daha nə lazımdır ki, bu ölkədə futbolun zibil günündə olduğunu anlayasınız?

Yeri gəlmişkən onu da xatırladım ki, “Roma” (baş məşqçisi Joze Mourinyodur ha) özbək futbolçuya görə 20 milyon avro ödəməyə hazırdır.

Day nə deyək, nə göstərək? Köpünüzün alınması da kömək olmayacaqsa, deməli, kitab bağlanıb.

Natiq Muxtarlı

Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?