30 qəpiklik suyu stadionda 3 manata satan…

20 İyun 2021 11:20 Köşə 1 675
30 qəpiklik suyu stadionda 3 manata satan…

O gün stadionda xəlayiqi su imtahanına çəkiblər - bir butulka suyu 3 manata verirmişlər.

Camaat da neynəsin, isti yay günüdür, ciyərləri təşnədir, ona görə də 30 qəpiklik suyu 10 qat bahasına alır, satanların ünvanına “Yezid oğlu, Şümr dölü” deyə-deyə içirmişlər.

3-5 manatlıq pivəni 15 manata alıb içənlər də çox imiş. Amma pivə başqa, su başqa. Pivə kef-əyləncə xassəlidir, su ehtiyacdır.

Bu eybəcər mənzərəni müşahidə edən, xəyalında plastik su qabını satıcının təpəsinə çırpan, amma durduq yerdə zibilə düşmək istəmədiyindən realda bu aktdan vaz keçən dostlar deyirlər ki, bu, kəmfürsətlikdir.

Yox, kəmfürsətlik yüngül sözdür, sanasan, 40 ilin timsahına kərtənkələ deyirsən. Lüğətdə daha ağır sözlər var. Deyən gərək, 30 qəpiklik suyu 3 manata satan E (nöqtələrin yerini zövqünüzə və söyüş baqajlnıza görə doldura bilərsiniz), fürsətdən istifadə edib bir az pul qazanmaq istəyirsən, 30 qəpiklik suyu 60 qəpiyə, lap 1 manata ver, ta 3 manat nədir?

Hələ başqa bir yaramazlıq da o olub ki, insanların plastik qablarda özləri ilə gətirdikləri suyu alıb, bir kənara atıblar və onlar içəridə təzədən su almalı olublar - amma 10 qat baha. Belə çıxır ki, marketdən ucuz qiymətə alınmış yarım litrlik su təhlükəlidir, amma stadionun içində alınmış su qabı təhlükəsizdir.

Burada, əlbəttə, sağlam məntiq yoxdur, inhisarçı, alverçi məntiqi var. Hamı suyu stadionda alsın, xeyir bu sindikatı təşkil edənə qalsın.

Bunların üzündən adam kütləvi tədbirlərdən də iyrənir, tətildən də, səyahətdən də.

Bir dəfə dostlardan biri ciddi-ciddi soruşdu ki, heç bilirsənmi niyə son illərdə Bakıya qar yağmır. Qlobal istiləşmə barədə moizəyə başlamışdım ki, həmkarım sözümü kəsdi, dedi, nə qlobal istiləşmə, əşi, Bakıya qar sırf qarlı günlərdə taksidə gediş haqqını 10 qat artıran nuhusların üzündən yağmır. Maraqlı versiyaydı.

Bir dəfə eləsinin birinə ürcah olmuşdum, fəxrlə deyirdi, qar yağan gün çıxıb “20 Yanvar”a adamın birini 5 manatdan Güzdəyə, Müşviqə daşıyıb. Qarsız günlərdə “iki yer qaldı, 1 manat” qışqıra-qışqıra qalan adamdır, qarı fürsət bilib, pul qazanıb.

Sonra da halallıqdan danışır, Aşurada gecə yola çıxır, uzaq məscidə piyada gedirlər, “haram şeylər mənə düşmür”, - deyirlər. Amma bu havayı söhbətdir, “halallıq olmayanda ziyan çəkirəm” sözləri baş aldatmaqdır. Belələri kəmfürsətliklə qazandıqları, qapazladıqları pulu lap rahatca da yeyirlər, üstündən də düşes içirlər.

Bu günlərdə yolumuz düşmüşdü, Göygölə getmişdik. Kəmfürsətliyin kvadratı bu məkandadır. Yol polisləri sərnişin daşıyan avtobuslardan 5 manat almamış buraxmır.

Maşınların son duracağından Göygölün sahilinə qədər enişli-yoxuşlu 4-5 yüz metr yol var. Çox adam piyada gedir, amma qayıtmağa ərinir. Yaşlı adamlar yoxuşa qalxmaqda çətinlik çəkir, ona görə də elektriklə işləyən 4 yerlik maşına minməli olurlar. Maşının sürücüsü insanları o baş-bu başa daşıyır və hər reysinə 5 manat alır. 3-4 yüz metr yola 5 manat.

Oturursan ki, bir stəkan çay içəsən. “Besedka” adlanan talvara 10 manat verməlisən. Bir çaynik çay - 3 manat. Bir nəlbəki mürəbbəni 7 manata verirlər. Əgər əvvəlcədən o, məcunların qiymətini soruşmasan və hərəsindən bir qaşıq dadmaq istəsən, duranda təkcə çaya 20-30 manat hesab verməli olarsan.

Bu kəmfürsətliyi görəndə çayverən oğlana dedim ki, qaqa, burada dəmirdən-zaddan 5-6 metrlik bir qüllə quraşdırın, üstünə də “Teleqüllə” yazın, daha çox pul qazanın. Yanındakı nə dediyimi anladı. Görünür, Bakıdakı “Teleqüllə”dən xəbəri vardı.

Nəyə görəsə bizim ölkənin iaşə (yeyib-içmək) sektorunda çalışanlar, daha dəqiqi, onları çalışdıranlar elə bilirlər ki, adam arvad-uşağıyla, dost-tanışıyla bir maşına oturub rayona gedirsə, demək, o turistdir və axşam öz şəxsi pulkəsən maşınında bir çamadan pul kəsib gətirib.

Düzdür, dünyanın hər yanında elədir. 3 il əvvəl Alanyada bir dostumuz ona 80 avroluq yaxta gəzintisi təklif edən turizmçiyə “bahalıdır” deyib və turizmçi dərhal ondan “Azerbaycandanmısınız” deyə soruşub, sonra da əlavə edib: “Abi, sizə nə pahalı? Okyanus kadar petrolunuz var”. Dostumuz da deyib ki, rəhmətliyin oğlu, Bakıda hərəyə bir petrol buruğumuz yoxdur e, “Sədərək” yarmarkasında Türkiyə “şmotka”sı satırıq. “Şmotka nə, abi”, - turizmçi soruşub. Bu da deyib ki, ta heç nə.

Samir SARI

Xəbər Lenti