Millimiz nə vaxt oyanacaq? Yaxşı sualdır, hətta gülmək istəyirəm...

5 Aprel 2021 20:00 Köşə 1 877
Millimiz nə vaxt oyanacaq? Yaxşı sualdır, hətta gülmək istəyirəm...

Azərbaycanın milli komandası Avropa çempionatının seçmə mərhələsindəki son üç oyunda(Qətərlə yoldaşlıq görüşü də daxil) uduzması əlbəttə ki, futbolla maraqlananları kədərləndirdi.

Mən 27 sentyabradək düşünürdüm ki, torpağı işğalda olan ölkənin milli komandası yəqin nə qədər çalışsa belə, bir natamamlıq həmişə qalacaq və psixoloji olaraq böyük qələbəni dadmıyanadək ciddi heç nə dəyişməyəcək.

İndi məlum olur ki, sən demə, uzun illər özümü bu cür ovundurmuşam...

“Qarabağ” bu illər ərzində ürəyimizi çox açdı, başımızı uca etdi, adına layiq oynadı və buna görə təşəkkürümüz sonsuzdur. Amma milli komanda bir başqa duyğudur axı. İndi Şuşada bayrağımız dalğalanandan sonra da milli komandanın bu cür məğlubiyyətləri yenidən sıralamasının səbəbi nədir axı? Bizə daha yaraşarmı bu cür milli komanda? Milli komanda axı bir ruh komandası olmalıdır. Hansısa əcnəbi baş məşqçi vaxtilə Türkiyə millisində çəkinməsinin səbəbini belə izah etmişdi: “Onlar futbolu təkcə ayaqla yox, həm də türk ruhu ilə oynayırlar!”
İndi milli futbolçu hər şeydən öncə onun fərqində olmalıdır ki, bir ölkənin bayrağını sinənəndə daşıyırsansa, bunun məsuliyyətini dərk etməlisən. Bunlar həm də yalnız gəlişigözəl söz olmamalıdır, əməl edilməlidir, ortada əmək olmalıdır.

Himnimiz səslənəndə saqqız çeynədinsə, səndən milli futbolçu kimi heç nə gözləməyə dəyməz. Himni oxudunsa, demək qanın yeniləndi, beyninə qan getdi, ayağına təpər, ürəyinə güc gəldi. Sadə məntiq bunu deyir. İslandiya xəritədə fındıq boyda ölkədir, himni bütün stadionla oxuyurlar. Hər şey himni oxumaqla bitmir, bunu bilməyəcək qədər sadəlövh də deyiləm, amma hər şey himnlə başlayır...

Bilinən hadisəni yada salıram. "Sabah"ın milliləşmiş futbolçusu Aleksey İsayev Portuqaliya ilə seçmə matçda (0:1) 84-cü dəqiqədə meydana çıxıb. Bununla əlaqədar İnstaqramda futbolçuya ünvanlanan təbriklər arasında bir erməninin paylaşımı da olub. Erməni "qardaşım, debütün mübarək. Hər şey irəlidədir" yazıb. İsayev cavabında "təşəkkür edirəm, mənim qardaşım" yazıb və ürək, dostluq emojisi atıb. Təsəvvür edirsiz də, milli komandada belə bir oyunçu necə Azərbaycanı təmsil edə bilər, hansı “milli hislərlə?” İsayev Rusiya futbolunun yetirməsidir. O, 2018-ci ildə "Sumqayıt" klubuna gətirilib. Bir müddət keçdikdən sonra milliləşdirilib. Adam 3 ildir Azərbaycanda oynayır, bu boyda müharibə olub, şəhidlər vermişik, milliləşəmiş bir futbolçu isə erməniyə “qardaşım” yazır. Qarabağ müharibəsində rus millətindən olan vətəndaşlarımız şəhid oldu, İsayev heç olmasa, onlardan da utanmadımı? Bu susulacaq, üstündən keçiləcək məsələ deyildi, amma futbolçu yazdığını pozdu, “hər şeyə davam, Aleksey...” Söhbət bir futbolçunun düşüncəsizliyi deyil təkcə, futbol rəhbərliyinin milliyə münasibətinin axsamasdır həm də...

Neçə illərdir bu tendensiya davam edir, hələ bir milliləşmiş futbolçu özünü təsdiqləyə bilmədi, üzümüzü güldürmədi. Demək, nədirsə, milliyə özümüzünküləri cəlb etməyi, yetişdirməyi düşünməliyik. Həmişə bir bəhanə var: milli çempionatda klubların sayı çox azdır,səviyyə aşağıdır və sairə...Gürcüstanda guya milli çempionat LaLiqa səviyyəsindədir, yoxsa İslandiyada, yoxsa bədnam qonşularımız Ermənistanın milli çempionatında “əjdaha” klublar oynayır?

Bu seçmə mərhələdə Azərbaycanla yanaşı, gürcülərin də, ermənilərin də oyunlarına baxdım. Ermənilərin heyətində milliləşmiş türkmənistanlı, nigeriyalı, isveçli, braziliyalı, hətta bir Türkiyədə anadan olmuş fubolçu da var. Komandanın baş məşqçisi ispandır-Xoakin Kapparosu ötən il milli komandaya gətiriblər. Erməniləri tərifləyə bilmərəm, amma 1 dəqiqədə Rumıniya millisinin qapısında 2 top keçirərək qalib gəldilər. Yəni erməni kimi oynadılar. Maraqlananlar üçün deyim ki, Ermənistan Almaniyanın da olduğu qrupda 9 xalla (3 oyun, 3 qələbə) liderliyə yüksəlib.

Gürcüstan millisinin heyətində isə bircə əcnəbi soyad var-slovakiyalı baş məşqçi Vladimir Vayss. İspanları udurdular, son dəqiqədə qapıçının səhvi ucbatında heç-heçəni də əldən verdilər. Amma oynadılar, yaxşı oyun göstərdilər. Dirəşdilər güclü ispanlarla. Yaxşı komanda oyunu var. Biz ermənilərə və ya digər ölkələrə baxıb, müqayisə edib milli komanda qurmamalıyıq. Biz ölkəmizə baxıb, onun potensialına güvənib, millətimizi, bayrağımızı düşünərək milli komanda yaratmalıyıq. Pul verir? Verir. Özlərinə qismət, bahalı maşınları altında, məvacibləri yerində. Amma ona uyğun oyun varmı? Yoxdur!

Türkiyə millisi son oyunda Latviya ilə heç-heçə etdi(3-3). Millinin futbolçusu Hakan Çalhanoğlu "dünən gecə çox pis olduq, heç birimizin gözünə yuxu getməyib” deyib. Bizim milli komanda isə sanki heç yuxudan oyanmaq belə istəmir...

İtaliyalı mütəxəssis De Byazini qınamıram. Onun üzündə məğlubiyyətlərə görə üzüntü görə bilmirəm. Serbiyaya Bakıda uduzanda da(1-2) məyus deyildi. Oyun bitəndə, sanki onun əzabları da bitir. Ona sevinir...

Albaniyanı dünyada tanıdan baş məşqçi deyir ki, çox iş görülməlidir. Qeyri-obyektiv, qərəzli görünmək istəməzdim, amma Byazinin hələ ki, zəhmətini, işini görə bilmirik. Son açıqlamalarının birində deyib ki, Albaniyanı Avropa çempionatına çıxarmaq üçün ona 4 il vaxt lazım gəlib. Zaman istəyir yəni...Zaman!

Byazi təcrübəli adamdır, bilir ki, zaman gözləmir. Bizə həm də hansı milli komandaya çatmaq üçün zaman lazımdır? Lüksenburqa, yoxsa Almaniyaya? Byazinin sözü olmasın, “yaxşı sualdır, hətta gülmək istəyirəm...”

Nazim SABİROĞLU

Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu