Məğlubiyyətə qələbə donu geyindirənlər və ya ...

25 Mart 2021 13:00 Köşə 1 109
Məğlubiyyətə qələbə donu geyindirənlər və ya ...

30 mart 2005-ci il - Azərbaycan milli komandası DÇ-nın seçmə mərhələsi çərçivəsində səfərdə İngiltərə ilə qarşılaşır.

Həmin dönəm İngiltərə millisində Bekhem, Cerrard, Lempard, Terri və Runi kimi ulduzlar çıxış edirdi.

Oyundan öncə hər kəs böyük hesablı məğlubiyyətdən danışırdı. Amma Torresin yetirmələri rəqibin yalnız 2 qol vurmasına imkan verdi.

Oyundakı ilk təhlükəli epizod 7-ci dəqiqədə Qurban Qurbanovdan gəldi. Hücumçunun təhlükəli zərbəsi az fərqlə qapıdan yan keçdi. Yalnız 51 dəqiqə rəqibin təzyiqlərinə duruş gətirə bilmişdik. Bundan sonra Cerrard hesabı aça bilmişdi. Növbəti qolu isə Bekhem qapımızdan keçirmişdi.

Hətta ikinci hissədə Nadir Nəbiyev də bir 100%-lik qol epizodunu əldən vermişdi. Oyundan sonra çoxumuz həmin qol epizodlarından və 51 dəqiqə 0-0 davam edən hesabdan böyük sevinclə danışırdıq.

İngilislərin 90 dəqiqə millimizi topla "döyməsi" vecimizə də deyildi. Əsas odur böyük hesabla uduzmamışdıq. Hətta 51 dəqiqə qol buraxmamaq adama bir başqa ləzətt verirdi. Qurban Qurbanov və Nadir Nəbiyevin qaçırdığı qol epizodlarına isə təkrar-təkrar baxıb, möhtəşəm gələcəyin xəyallarını qururduq. O zaman mənim 15 yaşım vardı.

10 noyabr 2014-cü il - Azərbaycan milli komandası bu dəfə AÇ-nın seçmə mərhələsi çərçivəsində səfərdə İtaliya millisi ilə qarşılaşır. Rəqibin heyətində Buffon, Pirlo, Kyellini və Bonuççi kimi futbolçular çıxış edir. Təbii olaraq hamı böyük hesablı məğlubiyyətdən narahatdır. Amma Foqtsun yetirmələri 1 xalı son anda əldən verir. Kyellini 77-ci dəqiqədə topu öz qapısına göndərməklə hesabın bərabərləşməsinə səbəb olur. Amma 82-ci dəqiqədə məhz elə Keyllini özü vurduğu qolla həm komandasına qələbə qazandırdı, həm də Berti Foqtsun bir andaca qəhrəmana çevirlməsinə imkan vermədi. Amma oyundan sonra yenə həvəsə düşənlər, parlaq gələcək quranlar vardı. "Gördünüz də Foqts millimizi necə oynatdı. İtaliyandan xalla qayıtmağa bir şey qalmamışdı" deyib, AFFA üçün quyruq bulayanlar da öz ampulasındaydı. Mənimsə artıq 15 yox, 24 yaşım vardı. Nağıllara inanacaq vaxtım deyildi. Gözümü yumsalar da italiyanların millimizi 90 dəqiqə topla "döyməsini" görə bilərdim. Belə oyunla minimal hesablı məğlubiyyət görə, şansa borclu olduğumuzu və bizi heç bir parlaq gələcəyin gözləmədiyini gözəl dərk edirdim.

24 mart 2021-ci il - Millimiz bu dəfə DÇ-nın seçmə mərhələsi çərçivəsində Portuqaliya millisi ilə qarşılaşırdı. Rəqibin heyətində Ronaldonun olması çox şeyi ifadə edirdi. Oyundan öncə yenə müzakirələr eyni xüsusiyyətdə idi - bizi böyükhesablı məğlubiyyət gözləyir. Amma 90 dəqiqənin sonunda Ronaldonun komandası 1-0 hesablı qələbəyə sevinməli oldu. Həmin qolu da kapitanımız Maksim Medvedev öz qapımıza vurdu. Və dünəndən oxşar söhbətlər davam edir. Yaxşı oynadıq, yaxşı mübarizə apardıq və.s. Az qala məğlubiyyəti qələbə kimi bizlərə təqdim edələr. Ay millimiz belə mübarizə apardı, ay nəblim 90 dəqiqə elə döyüşdü. Az qalsın deyələr ki, Maksim öz qapımıza qol vurmasa, 1 xal da qazana bilərdik. Yenə bəzi gözlər 90 dəqiqə rəqib tərəfindən topla "döyülməyimizə" kor olub. Şahruddinə böyük çox sağ ol düşür, yoxsa millimiz üçün növbəti faciə yaşanacaqdı.

15 yaşlı uşaqları başa düşdük. Mən də 2005-də o uşaqların etdiyi səhvi etmişəm. Uşaq olmuşam, saf olmuşam. Bəlkə də avam ...

Bəs böyüklərə nə deyək? Haqqı bilə-bilə onu dananlara nə deyək? Bu məğlubiyyətlərin futbolumuza faydası dəyməyəcəyini bilib, amma susanlara nə deyək? Susmaq cəhənnəm, insanları aldadıb, bu oyunu, bu nəticəni uğur kimi təqdim edənlərə nə ad verək axı?Məncə, elə ən yaxşısı hərə öz bildiyi adı qoysun. Amma söyüşsüz ...

Xanoğlan İmanov

Xəbər Lenti