“Erməni qanıyla ləkələnmiş geyimi üzərimdə daşıya bilmərəm”

3 İyun 2017 08:36 Karate 1 113
“Erməni qanıyla ləkələnmiş geyimi üzərimdə daşıya bilmərəm”

“...Mən-Əzizov Fərid Heydər oğlu. 15 fevral 1985-ci ildə Bakı şəhərində anadan olmuşam. İdmançıyam. Vətənini, millətini, bayrağını sevən bir insanam. Ailələyəm, 2 övladım var... “

Bir də biz tanıdaq Fəridi... Tək bir cümlə ilə desək, karatenin Goju-ryu növü üzrə milli yığmamızın üzvüdür, 7 dəfə Azərbaycan çempionu, 3 dəfə Avropa, 3 dəfə dünya çempionudur...və bu qədər uğuru ola-ola çempionluğundan da böyük təvazökarlığı olan bir insandır Fərid. Əsl oğuldur...
Təqdimat bu qədər. Söhbətə keçək...

İdmana sevgi, yoxsa düşmənə nifrət?..
İdmana lap 6-7 yaşlarından gəlib. Maraqlı da səbəb deyir. İdmana gəlişin nədən başladı,-soruşuram, Xocalı faciəsindən danışır. Axı o vaxt baş verənlərin faciə olduğunu dərk edəcək yaşda da deyildi... Müharibə başlayanda atam könüllü cəbhəyə getdi. Müharibə mənim təsəvvürümdə baxdığım filmlərdən ibarət idi və bir də atamın yaralanıb evə qayıtmasından.

Bir dayım oğlu da gedirdi vuruşmağa. 2 dəfə güllə yarası alıb gəlmişdi, amma yarası sağalan kimi 3-cü dəfə də getdi. Deyirdi ki, yoldaşlarım ordadırsa, qala bilmərəm. Getdi və şəhid oldu. O vaxt fikirləşirdim ki, niyə hamıdan güclü deyiləm? Niyə gedib onların cavabını verə bilmirəm? Təbii ki, bunlar kiçik bir uşağın düşündükləri idi.

Əslində nə baş verdiyini daha sonralar dərk elədim. Ermənilərin sadəcə bir düşmən yox, millətimin qanına susayan vəhşi olduğunu da anladım, fikirlərimdə çox şey dəyişdi, amma əsas məqsəd yox. Çoxlu çalışmaq, güc sərf etmək, zəhmət çəkmək... və nə üçün? Qüvvətlənmək, güclü olmaq, birinci olmaq, ölkənin adını yüksəltmək və ən əsası, düşməni məğlub etmək üçün...

“Rəqibim erməni olanda sevinirəm...”
Fərid, belə başa düşdüm ki, sənin fəaliyyətinin əsas motivi düşmənə nifrətdir. Yəni döyüş, qələbə bir yanadır, əsas məqsədin, belə deyək, “düşməni əzişdirməkdir”?..

- Yox, belə deməzdim. Əsas məqsəd, təbii ki, Azərbaycan adının yüksəlişidir. Amma açığı, yarışlarda rəqibim erməni olanda sevinirəm. Bilirsiniz niyə? Bu açıq döyüşdür və bu döyüşdə qalib olacağıma onsuz da əminəm. Üstəlik əlimə ermənini o ki var zədələmək imkanı düşür. Təbii ki, hər yarışın öz qaydaları var və mən bu qaydaları pozmaq istəmərəm, amma, o vəhşiləri əzişdirəndə, hətta qayda pozuntusuna görə xəbərdarlıq alacamsa da, bu artıq məni ağrıtmır. Bir dəfə yenə erməni rəqib üzərində tam qələbə qazandım. Onun zədəsi vardı və qanı mənim köynəyimə bulaşmışdı. Dərhal çıxartdım onu əynimdən. Mənə etiraz etdilər, amma cavabımla susdurdum: ”Mən erməni qanı ilə ləkələnmiş geyimi üzərimdə daşıya bilmərəm”... Mən özümü daha böyük savaşlara hazırlayıram. Mənim məqsədim budur. Ali Baş Komandanın əmri ilə düşmənlə üzləşəcəyim o ana-torpaqlarımız uğrunda aparacağımız müharibəyə fiziki cəhətdən tam hazır olmalıyıq. Biz müharibədə qələbə çalmalıyıq. Başqa heç nə...

Vətənpərvərlik təkcə hiss deyil, Fərid. Həm də bir yaşayışdır, düşüncə tərzidir. Bu baxımdan sən tam bir vətənpərvər həyatı yaşayırsan... Yaxşı, bir az əvvələ qayıdaq. İlk qalibiyyətin...
-1993-cü ildən məşq eliyirəm. Hardasa, 7-8 yaşında ilk dəfə respublika çempionatına çıxmışam. 3-cü yeri tutdum o vaxt. Mənim üçün fəxr idi. Yaşıdlarım arasında seçilib 3 cü yeri qazanmışdım. Düzdür, evə gömgöy gəlmişdim, zədələnmişdim, medalımı da utana-utana göstərmişdim ki, 1-ci ola bilmədim. Amma indi düşünürəm ki, qələbə idi. O yaşda uşaq üçün böyük qələbə idi.

“Gəl, çıx boynuma, bayrağımızı qaldır...”
- Ən böyük təəssüfü nə vaxt yaşamısan? Olur bəzən belə hadisələr ki, kobud desək, “adamı yandırıb tökür”. Elə anların olubmu?
- (Bir qədər düşünür) Xatırlamıram belə bir şey. Beynəlxalq yarışlarda həmişə 1-ci yeri qazanmışam. Bu, hər halda Allahın lütfüdür. Bütün yarışlardan ancaq qızıl medalla qayıtmışam. Buna hər kəs elə alışıb ki, hərdən final görüşündən dərhal sonra evə zəng eləyib zarafatla deyəndə ki, bu dəfə 2-ci oldum, təəccüblənirlər... Qismətdir, yarışdır, hər şey ola bilər.. Amma yox ey, 2-ci yer mənlik deyil...
Adətən, idmançıların əsas hədəfi olimpiya çempionu tituludur. Karatenin Goju-Ryu növü olimpiya idman növlərinə daxil deyil. Demək, bu idman yarışlarında ən yüksək mərtəbə DÜNYA ÇEMPİONUDUR. Fərid Əzizov artıq 3 dəfə sübut edib ki, bu sahədə o, dünyada birincidir, hamıdan üstündür. Sonra nə? Növbəti hədəfin nədir?
- Əvvəl bu məsələyə bir az aydınlıq gətirim. Bu növ olimpiya idman oyunları siyahısına ona görə salınmır ki, burada zədə ehtimalı çoxdur. Düzdü, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarına salınıb-WKF, orda yüngül zədə yetiriləsi bir şey yoxdu. Çünki olimpiadaya hansısa bir idman növünü salanda onu dərindən araşdırırlar ki, bu, insana zədə yetirə bilər, ya yox. Amma o məntiqlə boksu niyə salıblar ora, bunu hələ də başa düşə bilmirəm. Çünki, boks ən zədəli idman növüdür. Amma olsun da. Qoy Olimpiya növü olmasın heç. Əsas odur ki, mən ölkəmi təmsil edib bayrağımı qaldırıram yüksəklərə. Ondan böyük fəxarət yoxdur. O başqa hissdir. Hədəflərə gəlincə, mən bir idmançı olaraq arzuma çatmışam. Sənin himnin səslənir, hamı ayaq üstə sənin bayrağının necə yüksəldiyini izləyir. Allah haqqı adamın gözləri dolur. Bundan qiymətli heç nə yoxdur. İnanın, hədəfim də elə budur. Qarşıda Avropa çempionatı var və sonra yenə dünya çempionatı. Mən yenə qızıl medal gətirməyə gedəcəm. Özüm üçün, ailəm üçün, ölkəm üçün, vətənim üçün, bayrağımızın ucalması üçün. Bir epizod danışım.. Bu il yarışda 1-ci yeri tutdum. Qaydaya görə, sonda hər çəkidən olan qalib idmançılar xatirə şəkli çəkdirməlidir. Mənim yanımda Ermənistan təmsilçisi dayanmışdı. Mən uşaqların birindən xahiş etdim ki, gəlib boynuma çıxsın. Ətrafda hamı təəccübləndi. Sözümü yerə salmadı, boynuma çıxartdım onu, sonra bayrağımızı verdim ona, dedim, indi qaldır başın üzərinə, qoy Azərbaycan bayrağı daha ucada olsun. Bəli, mən razı ola bilməzdim ki, bayrağım o mənfur düşmənlərin bayrağı ilə eyni hündürlükdə dayansın...

Planların… Nələrə hazırlaşırsan?
- Karatenin 4 növü var-Goju-ryu, Wodo-ryu, Shoto-ryu, Şotokan. Mənim məşğul olduğum Goju-ryu növü üzrə Ümumdünya Goju-ryu Federasiyasının prezidenti Nakamuro Tetsukiiyunun iyunun 23-dən 27-nə kimi Azərbaycana gəlməsi nəzərdə tutulub. Bu idman növündə seçilən idmançılar üçün təlim-məşq keçəcək. Təlimlərdə mən də iştirak edəcəm. Avqust ayının ortalarında Gürcüstan Respublikasının Batumi şəhərində Avropa Çempionatı olacaq. Allah nəsib etsə, ora gedəcəm, lisenziyam var. Nəhayət, bu ilin sonunda Kempo- Karatedən yenə də dünya çempionatı olmalıdır. Rusiyada.

“Gəlin, tərk-silah edək…”
Fərid deyir, indi insanı tərk-silah etməyin yollarını öyrənir. Deyir, tam mənimsəyən kimi, ətrafımdakılara da öyrədəcəm. Xüsusilə də xanımlara. “ İndi zəmanə pisdir, günün günorta çağı insan xoşagəlməz hadisələrlə qarşılaşa bilir. Gərək hər ekstremal vəziyyətə hazır olasan ki, qorxu hissinə də, elə hücumlara da qalib gələ biləsən…”

Gəldik, ən həyati məsələyə... Belə başa düşdüm ki, vaxtının çoxu məşqlərə, yarışlara gedir, xarici ölkələrə səfərlər, təlim-məşq toplanışları... və onu da anladım ki, nə çempionluqdan, nə də digər qələbələrdən sənə xüsusi hədiyyələr, hansısa məbləğlərdə mükafatlar verilmir. Bəs dolanışın hardandır?
- Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Aviasiya təhlüksizliyi Baş idarəsində işləyirəm. Aviasiya Təhlükəsizlik İdarəsinin rəhbəri cənab Elxan Orucova çox minnətdaram. Yarışlarda içtirakıma şərait yaradır. Ordan müəyyən qədər məvacib alıram. Çox deyil, amma sağ olsunlar. Bilirsiz, mənim bəxtim nədə gətirib? O məvacibi ki mən alıb gətirirəm, əslində 1 ailənin dolanışığına qətiyyən yetməyəcək qədərdir. Amma bu barədə danışanda xanımımdan eşitdiyim söz “sənin işin evə qızıl medal gətirməkdir” sözü olur. Mənim ailəm idmana qazanc mənbəyi kimi baxmır. Bu anlayış, bu dəstək, inanın ki, qələbələrimin azı 50 faizidir. Ümumiyyətlə, hansısa məbləğlər, mükafatlar, ev, avtomobil və digər hədiyyələr, məncə, bir idmançının karyerasının sonu deməkdir. Bir də görürsən, əldə edilən böyük məbləğlər idmançını bu sahədən soyudur artıq. Məşqlərin davamlılığı azalır, əziyyət çəkmək həvəsi yoxa çıxır.

Bəs dəstəyi kimdən alırsan? Məşqlər, yarışlarda iştirak maddiyyata bağlı proseslərdir axı...

- Yarışlarda iştirakımız dövlət xətti ilə təmin edilir. Yol xərclərimiz, oradakı şəraitimiz dövlət tərəfindən təmin edilir. Bir də məşqçim var-Pərviz Hüseynov. Pərviz mənim üçün zalda amansız məşqçidir, zaldan kənarda sirdaş, xarici səfərlərdə sadiq yoldaş. Bir təşəkkürüm də Goju-ryu Okinava Karate-Do Federasiyasının rəhbəri Tarverdi Allahverdiyevədir. Məhz bu iki insanın sayəsində indi olduğum məqamdayam. Biz 3 dünya çempionluğunu bir yerdə qazanmışıq, inanıram ki, bu rəqəmi hələ bir neçə dəfə də yüksəldəcəyik.

... Fərid müsahibəyə alışıq da deyil. O qədər təvazökardır ki, hər dəfə 3qat DÜNYA ÇEMPİONUNA niyə xüsusi diqqət, qayğı yoxdur, deyəndə, bizi bu fikirdən yayındırmağa, mövzunu dəyişməyə çalışır. O, həqiqətən təmənnasız insandır. Doğrusu, məni utandıran da daha çox bu hissi oldu Fəridin. Fərid bizə çox şey verib. Onun qələbələri, Azərbaycanın adını dəfələrlə yüksəkltməsi, dolayısı ilə bu ölkənin vətəndaşları olan bizə xidmət deməkdir axı. Bəs bu xidmətin qarşılığını biz ona nə zamansa verə biləcəyikmi?

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti