Evdar "Qarabağ"lı: "Bu, mənim çox xoşuma gəlir"

21 May 2020 23:40 Qarabağ 963
Evdar "Qarabağ"lı: "Bu, mənim çox xoşuma gəlir"

Sportinfo.az “Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Miçel Maderanın müsahibəsini təqdim edir:

– Artıq karantin vəziyyətində yumşalmalar baş verir. Futbolla bağıı isə yenilik yoxdur. Bu durum sənə ümid verir, yoxsa hələ də çempionat başlamadığı üçün üzülürsən?
– Görünən odur ki, karantin vəziyyətində yumşalmalar baş verir. Həm dünyada, həm Azərbaycanda vəziyyət yaxşılığa doğru dəyişir. Əvvəlki günlərlə müqayisədə virusa yoluxanların sayında azalma var. Ümid edirəm ki, bu müsbət nəticə davam edər. Artıq bir çox restoranlar, ticarət mərkəzləri açılır, insanlar parklara, küçələrə gəzməyə çıxır. Bu sevindirici haldır. Amma futbolla bağlı qeyri-müəyyənlik davam edir. Yəqin ki, aidiyyatı orqanlar riski gözə alaraq futbolla bağlı qərar vermirlər. İstənilən vəziyyətə hazır olmalıyıq. Ümid edirəm ki, lazımi qərar yaxın günlərdə veriləcək.

– May ayı demək olar ki, sona yaxınlaşır. Səncə, bundan sonra komandalar məşqlərə başlasa, növbəti mövsümüm üçün komandalara yük düşmədən çempionatı başa çatdırmaq mümkün olacaq?
– Müəyyən müddətdir ki, evdə məşq edib, özümüzü formada saxlamağa çalışırıq. Öyrəşmədiyimiz bir vəziyyətdir. Xoşbəxtlikdən çempionatın bitməsi üçün çox matç qalmayıb. Oyunlar əsasən iyun-iyul aylarını əhatə edəcək. Həmin vaxt da havalar çox isti keçir. Təqvimdən də çox şey asılı olacaq. Neçə gündən bir meydana çıxacağıq bu barədə düzgün qərar veriləcək.

– Artıq kafe-restoranlar fəaliyyətə başladı və icazə ləğv edildi. Hər hansı restorana getmisən?
– Restoranlar saat 6-ya qədər fəaliyyət göstərir. Bu da bizi sevindirir. Daha çox evdə qalmağa və məşq etməyə çalışıram. Qarşıdakı günlərdə vaxt tapıb mən də restorana gedəcəm. Bu qədər müddət evə qapandıq və pis olmazdı ki, çölə çıxıb ab-havamızı yeniləyərdik.

– İspaniyada klublar məşqlərə başlayıb. Orada vəziyyət demək olar ki, qaydasındadır?
– Düzdür, orada klublar məşqlərə başlayıb. Məşqlər mərhələli şəkildə keçirilir. Əvvəlcə, məsafə saxlayaraq və müəyyən qruplarla keçirilir. Sonra bütün qrup bir yerdə olacaq. Dünən oxudum ki, son 2 ayda İspaniyada xeyli azalma müşahidə edilib. Lakin düşünürəm ki, klublar qaydalara əməl etməlidir.

– “Qarabağ”ın çempion olacağına heç kimin şübhəsi yoxdur. Mövsümün təhlükəsizlik baxımından başa çatdırılmasını və matçların davam etməməsini istəyərdin?
– Hələ 7 tur var və riyazi cəhətdən çempion deyilik. Xal üstünlüyümüz olsa da, bu birinci olduğumuz anlamına gəlmir. Lakin oyunların davam etdirilməsini istəyərdim.

– İki ay karantin müddətində evdə ən çox nə etdiniz və ya həyatınızda hansı yenilik oldu?
– Məcbur evdə qalırdıq və yalnız marketə getmək üçün aşağı düşürdüm. Gündə iki dəfə məşq edirdim və həyat yoldaşıma ev işlərində kömək edirdim. Bir də yemək bişirirdim və bu, mənim çox xoşuma gəlir. Vaxt olanda seriallara və ya filmə baxırdım, kitab oxuyurdum. Bəzən idman saytlarına nəzər yetirdim. Görəcək başqa çox iş yox idi (futbolinfo.az).

Digər Xəbərlər
Xəbər Lenti