Azərbaycan çempionu arzularının ardınca hara getməyi düşünür?

26 Aprel 2020 11:00 Həndbol 1 164
Azərbaycan çempionu arzularının ardınca hara getməyi düşünür?

İdman uğurlarımızın böyük əksəriyyətinin fərdi növlərin payına düşdüyü sirr deyil.

Müstəqillik dövründə bütün olimpiya medallarımız təkmübarizlikdə qazanılıb. Üstəlik, komanda növlərində nə dördilliyin zirvə yarışına yollanmışıq, nə də qitə və dünya çempionatlarında medal sevinci yaşamışıq.

İndiyədək yalnız qadın voleybolçularımız buna yaxınlaşıb. Ancaq bu o demək deyil ki, Azərbaycanda komanda növləri az sevilir. Başda idmanın şahı futbol olmaqla, ölkəmizdə top-komanda oyunlarının çoxsaylı izləyici auditoriyası var.

Doğrudur, bütün dünyada olduğu kimi, bizdə də digər komanda növləri ilə müqayisədə, bugünkü qəhrəmanımızın təmsil etdiyi növ olan həndbolun təbliğatı bir qədər arxa plandadır. Bunu nəzərə alaraq, öncə növün tarixi haqda qısa araşdırmanı diqqətinizə çatdıraq;

Həndbol və ya əl topu - Daha qədim oyun olduğuna dair müxtəlif versiyalar olsa da, rəsmi mənbələrdə yaranışı XIX əsrin sonları göstərilir. Yay Olimpiya Oyunlarının proqramına ilk dəfə Berlin-1936-da salınan həndbol, növbəti dörd zirvə yarışında təmsil olunmayıb. 36 illik aradan sonra elə Almaniyanın ev sahibliyi etdiyi olimpiadada (Münhen-1972) yenidən yer alaraq, bir daha proqramdan kənarda qalmayıb. İlk iki Oyunlar, sadəcə, kişilərin mübarizəsi ilə tarixə keçibsə, digərlərinin hamısında qadınlar da məharətlərini nümayiş etdiriblər. Demək olar ki, günümüzdə qadın həndbolu daha çox sevilir.

Dünənimiz və bu günümüz...

Özümüzə gəldikdə, həndbol bizdə kifayət qədər zəngin keçmişə sahibdir. Azərbaycanda həndbolun inkişafına ilk dəfə 1926-1928-ci illərdə cəhd edilib. Lakin o zaman bu yeni oyun Bakı idmançılarının ürəyinə yol tapa bilməmişdi. Həmin illərdə üstünlük futbol, basketbol və voleybol kimi çox geniş yayılmış idman oyunlarına verilirdi. Ölkəmizdə əl topu idmanının yaranması və inkişafı haqqında ilk məlumat 1955-ci ilə təsadüf edir. Azərbaycanın ilk hərbi həndbol komandasının yaradıcısı V.Çernoqortsev həmin il Leninqradda təhsil aldıqdan sonra Bakıya qayıdaraq, seminar təşkil edir və yeni oyun haqqında məlumat verir. Bu oyunun əsgərlərin fiziki tərbiyəsində əla vasitə olacağını düşünən ordu idman rəhbərləri "əl topu" oyunu ilə maraqlanırlar. Nəticədə, qaydalar təkmilləşdirildikdən sonra həndbol silahlı qüvvələrin əsas idman növlərindən birinə çevrilir. SSRİ dövründə müxtəlif nailiyyətlərlə yadda qalan Azərbaycan həndbol məktəbinin, olimpiadalarda da izi kiçik deyil. Belə ki, Rəfiqə Şabanova və Lyudmila Şubina Monreal, uzun illər Bakının "Avtomobilçi” komandasının şərəfini qoruyan Larisa Savkina isə Moskva olimpiadalarının çempionu olublar. 1983-cü ildə Bakının "Аvtomobilçi” komandası keçmiş SSRİ çempionatında üçüncü yeri tutaraq avrokuboklara vəsiqə əldə edir. "Avtomobilçi”nin çıxışı uğurlu alınır və komandamız Beynəlxalq Həndbol Federasiyasının (BHF) kubokunu qazanır.

Müstəqillik dövrünün ən böyük uğuru isə "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalıdır. Beləliklə, həndbol ənənələrinin çox gənc, amma kifayət qədər adından söz etdirən ardıcılının tanıtımına başlayırıq. Ötən ilin ən yaxşısı Kamilə Bayramova...

Ata və bacısının yolunu tutan qız

Bayramova Kamilə Faiq qızı 11 avqust 2002-ci ildə Bakıda, həndbol ənənəsi olan ailədə dünyaya gəlib. Belə ki, atası uzun illər həvəskar səviyyədə bu idman növü ilə məşğul olaraq, məktəblilər və universitet tələbələri arasında keçirilən yarışlarda fərqlənib. Habelə, böyük bacısı Minəxanımın uzun zamana dayanan həndbol təcrübəsi var. Ancaq kiçik Bayramovanın seçimi ailəsinin təsiri ilə deyil, elə öz istəyi sayəsində baş verib. Hətta F.Bayramov bir müddət sonra onu başqa, daha perspektivli olduğunu düşündüyü idmana yönəltmək istəsə də, Kamilə sevgisini əsas gətirərək bundan imtina edib.

Paytaxtın Nəsimi rayonunda yerləşən 12 nömrəli məktəbin 2002-2003-cü illər doğumlu "Nəsimi” qızlar komandasında ilk addımlarını atan 8 yaşlı qız, komanda ilə birgə bir qayda olaraq ilk yerlərə layiq görülüb, demək olar, hər il müxtəlif nominasiyalara, ələlxüsus, bombardirlik keyfiyyətinə görə yarışların ən yaxşıları arasında yer alıb.

Beynəlxalq yarışda "1 nömrə"

"Nəsimi" ilə beş dəfə Azərbaycan çempionatının qalibi olan Kamilə, sonradan "Gənclər Birliyi" komandasına keçib. Beləliklə, o, hələ lap erkən yaşlarından qadınlar arasında respublika çempionatlarında oynayaraq, böyük təcrübə qazanıb. Yaş qrupları üzrə yığmalarda bir çox ölkələrdə - İtaliya, İsveçrə, Bosniya və Hersoqovina, o cümlədən, qonşu Rusiya və Gürcüstanda beynəlxalq yarış təcrübəsi yaşayan qızımız, bir qayda olaraq sərrast atışları ilə diqqətləri üzərinə çəkib. Nümunə kimi qeyd edək ki, Bosniya və Hersoqovinanın Puzla şəhərində təşkil olunan "Çelenc Trofi"-də 45 topla turnirin bombardiri olan Bayramova, İsveçrədəki qitə turnirində 49 topla ikinci nəticə göstərib.

Kapitan, tələbə və ilin ən yaxşısı

Ötən il istedadlı həndbolçunun həyatında, xüsusən, önəmli yerə sahibdir. Belə ki, paytaxtımızın ev sahibliyi etdiyi Avropa Gənclərinin Yay Olimpiya Festivalında komandamızın kapitanı kimi iş başında olan Kamilə, ilin ikinci yarısında ailəsini, sevənlərini daha üç uğuru ilə sevindirdi. İlk olaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşqçilik ixtisasına qəbul oldu, avqustda İtaliyadan qayıtdıqdan sonra son ölkə çempionu "Azəryol"un sıralarına qoşuldu. Habelə, əvvəlki klubu "Gənclər Birliyi"nin heyətində Azərbaycan çempionatının bombardiri olaraq, ilin sonunda ölkənin ən yaxşı həndbolçusu adına layiq görüldü. Bu arada, 17 yaşında ölkənin aparıcı klubunda oynamaq şansı qazanan Bayramova, hazırda "Azəryol"un ən azyaşlı üzvüdür.

"Bunu həm özü çox istəyir, həm də biz"

Perspektiv çox, yaş artdıqca arzular böyüyür, təbii ki, buna uyğun da üfüqlər açılmalıdır. Komanda oyununda isə fərdi bacarıqlar bir yerədək sənə uğur, ad-san gətirə bilər. Böyük hədəflər üçün böyük komandalarda oynamaq şərtdir. İndiki halda ölkədə həndbolun durumu bir elə ürəkaçan deyil. Son illər müəyyən canlanma müşahidə edilsə də, komandaĺarımızın yaxın illərdə qitə və dünyamiqyaslı yarışlarda fərqlənməsinə inanmaq sadəlövhlük olar. Odur ki, sual doğur, qızımız yaxın gələcəkdə ölkə xaricinə yollanmaq istəyirmi?

Atasının dediyinə görə, hələ bir neçə il əvvəl belə bir məsələ gündəmə gəlib: "Sadəcə, o vaxt çox uşaq idi, necə, nə cür olacaq deyə, narahat olduq. Məlum səbəbdən, hələlik, bu barədə düşünə bilmirik. Pandemiyadan sonrakı dövrdə çalışacağıq ki, həndbolun az-çox populyar olduğu ölkələrin biri ilə anlaşaq. Bunu həm özü çox istəyir, həm biz.

Sözün düzü, mən bir ara onu voleybola yönəltmək istəyirdim. Boyu da hündürdür, düşündüm, uğurlu olar. Hətta bu barədə hazırda Türkiyədə menecer kimi fəaliyyət göstərən veteran voleybolçularımızdan biri ilə danışıb, müsbət cavab almışdım. Amma Kamiləni yola gətirə bilmədik. "Həndbol" deyib durdu. Hiss edirəm ki, get-gedə daha da istəkli olur. Onun canfəşanlığını görüb biz də həvəslənirik".

Vaxireva və Messi

On ilə dayanan karyerası ərzində Vladimir Korotkix, Yelena Namiyeva, Nataliya Nurullayeva kimi mütəxəssislərin xidmətindən yararlanan, ayrı-ayrılıqda hər birinin üzərindəki zəhmətindən bəhs edən Kamilə, kumir seçdiyi həndbolçunun da adını açıqladı. Bu, rusiyalı Anna Vaxirevadır. Müasir qadın həndbolunun ən parlaq simalarından olan 25 yaşlı olimpiya çempionuna qarşı münasibətindən danışarkən, "ondan "oğurladıqlarım" da az deyil" deyir. Həndbolu voleyboldan üstün tutsa da, həm bu oyuna, həm də futbola qarşı böyük marağı var. Vaxt olduqca sevimli komandası "Barselona"nın oyunlarını izləyir. Sevdiyi futbolçunun kimliyi isə heç kimi təəccübləndirməyəcək: Lionel Messi.

Portret

Beynəlxalq yarışların "ən"ləri arasında, ölkənin "1 nömrə"si adı, önəmli yarışda kapitan sarğısı və s. irili-xırdalı məqamlar, onun haqqında heç bir mübaliğəsiz, "istedadlı həndbolçu" deməyə əsas verir. Lakin bu, hələ ilk addımlardır. Başqa sözlə, hər şey indi başlayır. Belə davam etsə, Kamilə, Azərbaycanın həndbol simasına çevrilə, Avropadakı təmsilçimiz ola bilər.

Sahib Əsədbəyli





Digər Xəbərlər
Xəbər Lenti