Fazil Mustafanın ən yaxın dostu olan Yaşar Seyidov: “O, ölkəmizə çox lazımdır“

31 Mart 2023 14:40 Hadisə 721
Fazil Mustafanın ən yaxın dostu olan Yaşar Seyidov: “O, ölkəmizə çox lazımdır“

“Biz ailəvi dostuq və baş verən bu hadisədən çox məyusuq“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında İCBFA-nın vitse-prezidenti Yaşar Seyidov deyib.

Martın 28-də saat 21:51-də Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

F.Mustafa ilə uzun illərdir dostluq münasibəti saxlayan Y.Seyidov onun hazırda özünü yaxşı hiss etdiyini bildirib:

“Bizim tələbəlik illərimiz bir yerdə keçib. 1986-cı ildən başlayan dostluğumuz var.

Həmin gün bir neçə dəfə telefonla danışdıq. Hadisədən 10-15 dəqiqə sonra isə artıq onların evində, ailəsnin yanında idik.

Şükür, indi yaxşıdır. İki dəfə əməliyyat ediblər, vəziyyəti qaydasındadır.

Fazil Azərbaycanı, xalqını, dövlətini sevən insandır. Dövlətçiliyə çox bağlıdır. Dostum olduğu üçün demirəm, o, həqiqətən böyük vətənpərvərdir.

İdmana və idmançılara yaxın şəxsdir. Futbolu çox gözəl bilir. Həmişə çalışıb ki, bu sahəyə diqqət ayırsın.

Özünüz də görmüsüz, o, istər mətbuatda, istərsə də sosial şəbəkələrdə etdiyi çıxışlarda daim futboldakı problemlərə toxunub, mükəmməl analitik fikirlər səsləndirib.

Belə bir insan ölkəmizə çox lazımdır. Mən ona cansağlığı və tezliklə ayağa qalxmasını arzulayıram.

Tezliklə ailəsinin, dostlarının, yaxınlarının əhatəsinə dönməsini Allahdan istəyirəm.

Dövlət orqanları bu hadisəni ciddi və hərtərəfli şəkildə araşdırır. Əminəm ki, ona qarşı silah işlədənlər və terror aktının arxasında dayananlar tezliklə tapılacaq“.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir, həyati təhlükəsi yoxdur.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Digər Xəbərlər
Xəbər Lenti