Bu telefonları 30 gün ərzində qeydiyyatdan keçirmək tələb olunur - SƏRT QƏRAR

10 Dekabr 2022 12:10 Gündəm 473
Bu telefonları 30 gün ərzində qeydiyyatdan keçirmək tələb olunur - SƏRT QƏRAR

Milli Məclisin iclasında “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı.

Müzakirə zamanı deputat Elnur Allahverdiyev dedi ki, layihə qanunun 25-ci maddəsində dəyişikliyi nəzərdə tutur:

“Belə ki, layihədə təqdim olunan dəyişikliyə əsasən, mobil cihazların qeydiyyatının aparılmasının hüquqi əsasları müəyyən edilir. Qeydiyyatın aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara mobil operator tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi qadağan edilir. Qeyd etmək istəyirəm ki, IMEI nömrə mobil cihazlar üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən 15 rəqəmdən ibarət nömrədir, IMEI nömrə GSM Assosiasiyası tərəfindən təyin edilir və yalnız mobil cihaz istehsalçısı olan şirkətlərə ayrılır. Məlumat üçün deyim ki, Azərbaycanda mobil telefonların IMEI kodlarının (istehsalçı zavodun verdiyi unikal kod) qeydiyyatı sistemi 2013-cü il mayın 1-dən fəaliyyət göstərir. Həmin tarixdən etibarən ölkə ərazisinə vətəndaşlar tərəfindən şəxsi istifadə üçün gətirilən mobil telefonları 30 gün ərzində qeydiyyatdan keçirmək tələb olunur. Bu qaydalar Azərbaycana gələn turist və qonaqlara şamil edilmir. Onların mobil telefonlarına rouminq xidməti göstərilir”.

E.Allahverdiyev qeyd etdi ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən həmçinin mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə inzibati məsuliyyət və cərimələr nəzərdə tutulur.

Deputat qeyd etdi ki, “Telekommunikasiya haqqında” Qanununda ediləcək dəyişikliklərin əsas məqsədi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tezlik istifadəçilərinin radiotezliklərdən şəffaf, ədalətli və səmərəli istifadəsinin təmin edilməsi, xidmət səviyyəsinin artırılması, ölkəmizdə yeni texnologiyaların inkişafının və tezliklərdən effektiv istifadənin stimullaşdırılması, eyni zamanda bu sahədə hüquqi bazanın möhkəmləndirilməsidir:

“Qanun layihəsində radiotezlik resurslarının müddətli (10 il müddətinə) ayrılması nəzərdə tutulub, qeyd edim ki qüvvədə olan qanunda radiotezliklərin istifadə üçün ayrılmasına müddət məhdudiyyəti qoyulmayıb. Bu isə bir çox hallarda tezliklərdən səmərəli istifadə etməyə maneçilik yaradır. Daha bir önəmli dəyişiklik isə radiotezliklərin ayrılması haqqında qərarın ləğvi əsaslarının müəyyən olunmasıdır. Bu əsaslar aşağıdakılardır: birincisi - telekommunikasiya xidmətinin göstərilməsi üçün verilən lisenziya ləğv edildikdə, o cümlədən mobil telekommunikasiya xidmətləri üçün verilən lisenziyanın müddəti bitdikdə; İkincisi - radiotezliklərin ayrılması haqqında qərar alındıqdan sonra 1 ay müddətində radiotezlik istifadəçisi tərəfindən müvafiq icra hakimiyyəti orqanını müəyyən etdiyi orqanla (qurumla) radiotezliklərdən istifadəyə dair müqavilə bağlanılmadıqda; Və nəhayət - radiotezlik istifadəçisi tərəfindən radiotezliklərdən istifadəyə bağlanılmış müqavilədə olan öhdəliklər yerinə yetirilmədikdə, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 il müddətində ödənişlər tam aparılmadıqda və ayrılmış radiotezliklər 3 ay müddətində istifadə edilmədikdə. Həmçinin, radiotezliklərdən istifadəyə dair müqavilə şərtlərinin, müqavilənin nümunəvi formasının hüquqi cəhətdən tənzimlənməsi, radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsinin, habelə istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılması və istismar edilməsinin qadağan edilməsi təklif olunur. Layihəyə əsasən, beynəlxalq və ölkə səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi müddətdə radiotezlik istifadəçilərinin radiotezlik zolaqlarından istifadə hüququ dövlət təhlükəsizliyi məqsədləri üçün müstəsna hallarda məhdudlaşdırıla bilər. Radiotezliklərin müddətli ayrılmasına keçid ilə əlaqədar olaraq radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensasiya ödənilir”.

E.Allahverdiyev dedi ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində təklif edilən dəyişikliklər ölkə ərazisində radiotezliklərdən istifadə üzrə müvafiq qərar və radioelektron vasitələrinin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsinin yolverilməzliyi ilə bağlı tələblərin, cərimələrin, habelə müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin xüsusi icazə olmadan əldə edilməsi və idxalının qadağan edilməsinin hüquqi əsasının müəyyən edilməsi məqsədilə hazırlanıb.

Deputatlar qanun layihələri ilə bağlı fikirlərini bildirdikdən sonra layihələr ilk oxunuşda qəbul edildi.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!