Ermənilər Xankəndidən köçməyə hazırlaşır? - İrəvan üçün “geri sayım” başladı

5 Fevral 2022 03:00 Gündəm 1 282
Ermənilər Xankəndidən köçməyə hazırlaşır? - İrəvan üçün “geri sayım” başladı

Yola saldığımız həftə Türkiyə Böyük Millət Məclisi (TBMM) Şuşa Bəyannaməsini ratifikasiya etdi.

Bununla yanaşı, qardaş ölkənin ana müxalifət düşərgəsindən bəziləri Azərbaycan-Türkiyə əlaqələrinə kölgə salacaq fikirlər səsləndirdilər.

Bu bəyanatlar Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı.

Ötən həftənin həyəcanlı xəbərlərindən biri də Xankəndidən gəldi. Rusiyalı sülhməramlıların ətəkləri altında gizlənən erməni separatçıları Xankəndidən keçən avtomobillərin yoxlanılmasında iştirak edirlər.

Bəs, rəsmi Bakının buna cavabı nə olacaq? Delimitasiya məsələsi indi hansı mərhələdədir?

Suallarımıza cavab almaq üçün keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla əlaqə saxladıq.

T.Zülfüqarov publika.az-a müsahibəsində bildirdi ki, Bakının İrəvana verdiyi vaxt qüvvədədir və artıq geri sayım başlayıb.

- Tofiq müəllim, Türkiyə Böyük Millət Məclisində Şuşa Bəyannaməsinin ratifikasiyası zamanı xoşagəlməz hallar yaşandı. Bu kimi bədnam yanaşmalar Ankara-Bakı əlaqələrinə mənfi təsir göstərə bilərmi?

- Doğrusu, inanmıram ki, Şuşa Bəyannaməsinə qarşı çıxanların mövqeyini Türkiyədə geniş hansısa kütlə bölüşsün. Bu, inandırıcı deyil. Bu kimi bəyanatlar, fikirlər Azərbaycan-Türkiyə münasibətlərinə kölgə sala bilməz. Açığını desəm, Türkiyənin daxili siyasətinin mütəxəssisi deyiləm. Amma onların mövqeyi ilə geniş kütlənin şərik olduğunu da düşünmürəm. Məndə olan məlumata görə, Azərbaycanla Türkiyənin əməkdaşlığı, tərəfdaşlığı və müttəfiqliyi Türkiyə ictimaiyyəti tərəfindən də çox sevinclə qarşılanır. Doğrusu, bu baxımdan Şuşa Bəyannaməsinə qarşı çıxan deputatların arqumentlərini təsəvvür edə bilmirəm. Ola bilsin ki, bəyannaməyə qarşı çıxmaqlarının səbəbi hazırkı Türkiyə iqtidarının Azərbaycanla çox yaxşı münasibətdə olmasıdır. Onlar da özlərinin möqvelərini göstərmək üçün Şuşa Bəyannaməsini məhz bu şəkildə tənqid edirlər. Bu, məsələnin birinci tərəfidir. İkincisi, bu qarşıçıxmanın səbəbləri sırf daxili siyasətə aiddir. Yəni, burada Azərbaycanla bağlı məsələ yoxdur.

- Azərbaycanla Türkiyə arasındakı bu cür ittifaq Qazaxıstan və Qırğızıstanı çıxmaq şərti ilə Türkmənistanla, Özbəkistanla da yaradıla bilərmi? Qazaxıstan və Qırğızıstan KTMT-dədir, amma Aşqabadla Daşkəndin belə bir ittifaqa “hə” deməsi üçün heç bir maneə yoxdur.

- Gəlin, əvvəlcə özümüzü yada salaq; Azərbaycanla Türkiyənin yaxınlaşması prosesi müstəqilliyimizin ilk günlərindən başladı. 30 il ərzində bu münasibətlər inkişaf etdirildi. Mən təkcə humanitar sahədəki əlaqələri nəzərdə tutmuram. Digər sahələri də buraya aid edirəm. O cümlədən müdafiə sahəsində əməkdaşlıq 30 il ərzində böyük inkişaf yolu keçib. Yəni, Orta Asiyadakı türk dövlətləri də bu cür inkişaf yolunu keçməlidir. Doğrusu, bu istiqamətdə yaxın gələcəkdə ciddi dəyişikliklər gözləmirəm. Çünki bu ideyanın daha populyar olması üçün vaxt lazımdır.

- Yəni, Orta Asiyada oyanış hələ yeni başlayır?

- Mən buna oyanış deməzdim. Bu cür yanaşsaq, bəlkə də onların xətrinə dəyə bilər. Yəni, bu proseslər orada hələ ki, təzə başlayır. Belə deyək, Orta Asiyadakı türk dövlətlərinin türkçülük ideologiyasının indiki səviyyəsi bizdəkindən qat-qat fərqlənir. Ona görə də hesab edirəm ki, bu məsələlərə vaxt lazımdır. Bu müddətin nə qədər çəkəcəyini də deyə bilmərəm. Hər halda proses bu istiqamətdə gedir.

- Son günlər Xankəndidən narahatedici xəbərlər gəlir. Separatçılar da sülhməramlılarla birgə bizim maşınları yoxlayırlar. Bizim buna sərt cavab tədbirlərimiz nələr olmalıdır?

- Problem ondadır ki, sülhməramlıların nəzarətində olan ərazilərdəki “siyasətçilərin” seçimi var idi. Onlar 44 günlük müharibənin nəticələrini dərk edərkən başa düşməlidirlər ki, öz gələcəkləri barədə hansı çərçivədə fikirləşə bilərlər. Hiss olunur ki, onlar artıq konfrontasiya yolunu seçiblər. Bilmirəm, bu, onların seçimidir, yoxsa kimsə onları bu seçimə, bu yola sürükləyib. Bu, ayrı mövzudur. Gəlin, bunun nəticəsinə baxaq; əgər bundan sonra konfrontasiya əhval-ruhiyyəsi daha da güclənsə, adi insanlar başa düşəcəklər ki, yenə də onlar gələcəkdə istər-istəməz hansısa siyasi oyunların qurbanı olacaqlar. Çünki insanlar artıq yaxşı başa düşürlər ki, bu 30 il ərzində onları istismar ediblər. Axırda siyasi oyunçuların qurbanı olublar. Söhbət adi insanlardan gedir. Kimsə hərbi əməliyyatlar vaxtı doğmalarını, yaxınlarını itirib, kiminsə mülkü dağılıb. Mən hesab edirəm ki, Xankəndidə konfrontasiya əhval-ruhiyyəsi daha da güclənərsə, oradan insanların köç prosesi daha da güclənəcək. İnsanlar başa düşəcəklər ki, gec və ya tez Azərbaycan lazımi addımları atacaq. Bakı əvvəl-axır bu oyunlara son qoyacaq. Sadə insanlar son nəticənin bu cür olacağını anlayacaqlar. Hesab edirəm ki, onlar özləri üçün daha ziyanlı siyasət seçiblər. Nəticə isə əlbəttə ki, bizim xeyrimizə olacaq.

- Nikol Paşinyandan əli üzülən separatçıların “başçısı” Araik Arutyunyan indi də özündən əvvəlki “liderlər”lə - Qukasyanla, Saakyanla danışıqlara başlayıb. Bu nədən xəbər verir? Arutyunyan Paşinyanın axırıncı açıqlamalarından sonra müxalifətə yaxınlaşmaq istəyir, yoxsa başqa səbəblər var?

- Bilirsiniz, bu siyasi oyunbazlar real olaraq heç nə etməyəcəklər. Bu, bəllidir. Sadəcə olaraq onlar müəyyən görüntü yaratmağa çalışırlar. Elə götürək Arkadi Qukasyanı, o, hələ 44 günlük müharibədən əvvəl Ermənistana köçmüşdü. Orada yaşayırdı. Hazırkı vəziyyətdə onun Qarabağın dağlıq hissəsinə gələrək hansısa fəaliyyət göstərməsi inandırıcı görünmür. Elə indiki məqamda yuxarıdakı fikrimi də tamamlamaq istəyirəm; konfrontasiya məsələsinin yeganə nəticəsi köç prosesini daha da sürətləndirmək olacaq. Çünki Qarabağdakı sadə ermənilərin böyük əksəriyyəti başa düşəcək ki, yenə köhnə oyunlar, yenə də konfrontasiya... Üstəlik, 44 günlük müharibədə Azərbaycanın gücünü də görüblər. Başa düşüblər ki, gec-tez növbəti zərbəni alacaqlar. Bu baxımdan, rusiyalı sülhməramlıların müvəqqəti nəzarət bölgəsində yaşayan adi insanlar öz əyşalarını, şələ-şülələrini də yığıb oradan çıxacaqlar. Hazırda Xankəndidə baş verən “qıcıqlandırıcı” proseslər əks nəticə verəcək.

- Sanki son dönəmlərdə anklavlar məsələsi arxa plana atılıb. Sərhədlərin delimitasiyasından danışılır, amma Qazaxın 7, Naxçıvanın 1 kəndindən sanki söz açılmır. Onların da qaytarılması reallaşacaqmı?

- Vəziyyət onu göstərir ki, Qazaxın 7, Naxçıvanın 1 kəndi də qaytarılacaq. Bu məqamda Prezidentin çıxışını yada salmaq lazımdır. Ölkə başçısı müsahibəsində bildirmişdi ki, biz Ermənistana vaxt vermişik ki, ağıllansınlar. Mənə elə gəlir ki, biz hazırda bu müddəti yaşayırıq. Ona görə də nəticəni gözləyirik. Təbii ki, Azərbaycanda heç kəs həmin əraziləri yaddan çıxarmaz. Azərbaycan indi güclü durumdadır və kiməsə öz torpaqlarını pay verən deyil. Heç zəif olanda da buna razı deyildi. İndi isə bu, heç cür mümkün görünmür. Yəni, biz indi ermənilərə verilən müddəti yaşayırıq. Orada bəzi siyasətçilərin radikallaşması, İrəvandan verilən bir sıra bəyanatlar onu göstərir ki, köhnə siyasətlərini yeni şəraitdə, müharibədəki məğlubiyyətdən sonra da davam etdirsinlər. Bununla da öz siyasi reytinqlərini qorumağa çalışırlar. Belə görüntülər də var. Bununla bağlı bir nüansa da toxunmaq olar; Ermənistan guya hansısa təkliflər verir və Azərbaycan Xarici İşlər Nazirliyindən də həmin təkliflərə rədd cavablarını alırlar. Bu baxımdan hiss olunur ki, ermənilərin strategiyası köhnə siyasəti indiki şəraitdə davam etdirməkdir. Onlar istəyirlər ki, sovetlər dönəmindəki sərhədlərini təsdiqlətdirsinlər. Biz də bunu istəyirik. Ermənilər deyir ki, biz sizin sərhədlərinizi tanıyırıq, amma Qarabağa da “status” verilməlidir. Bu, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünü tanımamaq anlamına gəlir. Bu isə mümkün deyil. Deməli, faktiki olaraq İrəvan bizim ərazi bütövlüyümüzü de-fakto tanımaqdan imtina edir. Amma öz ərazi bütövlüklərini təsdiqləməyə çalışırlar. Siyasi gedişlərini də buna hesablayırlar. Artıq Ermənistanın bu cür strateji taktikaları aydın formada görsənir. Bu taktika nəticə etibarı ilə heç vaxt onlara xeyir gətirməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"