Onları yaxşı tanıyırıq, “dişimiz”ə görə rəqib, udulası komandadır"

10 İyul 2022 20:20 Futzal 1 053
Onları yaxşı tanıyırıq, “dişimiz”ə görə rəqib, udulası komandadır"

"Sərfəli qrupa düşmüşük. Qarşıya qoyulan məqsədə nail olmaq öz əlimizdədir".

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov 2024-cü il dünya çempionatının seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

38 yaşlı qolkiper Yunanıstan yığması ilə sonuncu dəfə bir il əvvəl üz-üzə gəldiklərini xatırladıb:

"Bakı İdman Sarayında onları 4:0 hesabı ilə yenmişdik. Həmin matçdan 3 ay əvvəl Afinada keçirilmiş oyunda da biz qələbə qazanmışdıq – 3:0.

Onları yaxşı tanıyırıq. “Dişimiz”ə görə rəqibdir. Daha doğrusu, udulası komandadır.

Polşanın gücünü isə həm Sloveniyada, həm də Niderlandda keçirilən Avropa çempionatının final mərhələsində görmüşəm.

Bu komanda yaxşı təsir bağışladı. Qrupun favoriti biz hesab edilsək də, boşluğa yol vermək, arxayınlaşmaq olmaz".

Kürdov istər Avropada, istərsə də digər qitələrdə orta səviyyəli komandaların iddialıları büdrədərək xal ala bildiyini xatırladıb:

"Biz də Niderlandda keçirilən Avropa çempionatının final mərhələsində Gürcüstanla matçda yol verdiyimiz səhvdən nəticə çıxarmalıyıq, bunun təkrarlanmasına imkan verməməliyik.

Həmin matçda hesabda 2:0 üstünlük qazandığımız zaman, nə baş verdisə, sonda yenildik. Ona görə bütün rəqiblərə hörmətlə yanaşmalı, matçlara məsuliyyətli çıxmalıyıq".

Azərbaycan millisi Polşa və Yunanıstan yığmaları ilə birlikdə 6-cı qrupda mübarizə aparacaq.

Xəbər Lenti