Azərbaycan Milli Antidopinq Agentliyinın (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadə və Nəticələrin emalı və təhqiqat şöbəsinin müdiri Nicat Əmiraslanlı Ümumdünya Antidopinq Agentliyinin (WADA) təşkilatçılığı ilə Hindistanın paytaxtı Yeni Delhidə "Qlobal antidopinq təhqiqatı və araşdırmalar şəbəkəsi" layihəsi çərçivəsində beynəlxalq konfransda iştirak ediblər.
Sportinfo.az xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib.
Konfransa WADA-nın rəhbər heyəti ilə yanaşı, INTERPOL, EUROPOL və 70-ə yaxın milli antidopinq təşkilatının nümayəndələri qatılıblar.
Tədbir çərçivəsində dopinqlə mübarizənin artıq yalnız laborator analizlər və testlərlə məhdudlaşmadığı, bu sahədə qlobal səviyyədə təhqiqat və hüquq-mühafizə əməkdaşlığına əsaslanan kompleks yanaşmanın formalaşdığı xüsusi vurğulanıb. Bildirilib ki, müasir dövrdə dopinq problemi daha çox təşkilatlanmış transmilli şəbəkələrin fəaliyyəti ilə əlaqəlidir və buna qarşı effektiv mübarizə yalnız genişmiqyaslı beynəlxalq əməkdaşlıq sayəsində mümkündür.
Konfransda WADA ilə INTERPOL-un birgə həyata keçirdiyi "Operation Upstream" əməliyyatı barədə ətraflı məlumat təqdim olunub. Qeyd edilib ki, əməliyyat çərçivəsində 20-dən çox ölkədə yüzlərlə reyd keçirilib, onlarla qeyri-qanuni laboratoriya aşkar edilərək fəaliyyəti dayandırılıb və böyük həcmdə qadağan olunmuş maddələr müsadirə olunub. Görülən tədbirlər nəticəsində milyonlarla potensial dopinq dozasının qanunsuz dövriyyəyə daxil olmasının qarşısı alınıb.
Tədbirdə, eyni zamanda, antidopinq sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, məlumat mübadiləsinin artırılması və hüquq-mühafizə orqanları ilə koordinasiyanın gücləndirilməsi əsas prioritet istiqamətlər kimi qeyd olunub. WADA bu sahədə qlobal təhqiqat və araşdırmalar şəbəkəsinin daha da inkişaf etdirilməsini və daha çox ölkənin bu prosesə cəlb olunmasını planlaşdırır.
Nəticə etibarilə, konfrans bir daha göstərib ki, dopinqlə mübarizə yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə əsas məqsəd yalnız qayda pozuntularını aşkar etmək deyil, eyni zamanda dopinqin arxasında duran kriminal strukturları ifşa etmək və onların fəaliyyətini kökündən dayandırmaqdır.

