“Neftçi”dən “bir ton”...

4 İyul 2023 23:20 Digər növlər 1 861
“Neftçi”dən “bir ton”...

Bir çox futbol ölkələrində mövsümlərarası fasilə yaşandığı halda, digər idman növləri üzrə mötəbər yarışlar davam edir.

Beynəlxalq turnirlərdə Azərbaycanı xeyli sayda idmançı təmsil edir. Onların böyük əksəriyyəti isə “Neftçi” İdman Klubunun payına düşür.

Polşada keçirilən 3-cü Avropa Oyunlarında iştirak edən Emili Rzayeva vətənə bürünc medalla qayıdıb.

63,5 kiloqram çəki dərəcəsində mübarizə aparan muay-tay döyüşçümüz yarımfinalda çexiyalı Tereza Steçovaya uduzaraq üçüncü olub.

“Neftçi”li boksçu Murad Allahverdiyev də Polşada medala sevinib. 80 kiloqram çəki dərəcəsində döyüşən idmançımız sona qədər inamla irəliləsə də, finişə yaxın büdrəyib ki, medalın əyarı bürünc olub.

İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən güləş üzrə U-20 Avropa birinciliyi də “Neftçi”nin idmançıları üçün düşərli olub. Klubun yunan-Roma güləşçiləri qitə birinciliyinin altı medalına yiyələniblər.

Pəhləvan Elmir Əliyev (55 kq) finala gedən yolda ispan, fransız, türk və erməni rəqibləri üzərində böyük hesabla qələbə qazanaraq finala yüksəlib. Həlledici dueldə ukraynalı Marko Voloşinə tam üstünlüklə (10:0) qalib gələrək qızıl medala sahib olub.

63 kiloqramda mübarizə aparan Fəraim Mustafayev bürünc medala layiq görülüb.

77 kiloqramda ölkəmizi təmsil edən Davud Məmmədov finalda rumıniyalı Aleksandru Soloveyə 5:7 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.

67 kiloqramda güləşən Kənan Abdullazadə də mötəbər yarışdan medalla qayıdıb. Üçüncü yer uğrunda mübarizədə Arslanbek Salimovu məğlub edən həmyerlimiz “bürünc” qazanıb.

Qadın güləşçilər de medalsız qalmayıb. Əsmər Çankurtaran (50 kq) və Ruzanna Məmmədova (55 kq) da turnirdən bürünc medalla ayrılıb.

Sloveniyanın Sloven Qradeç şəhərində gənclər arasında təşkil olunan cüdo üzrə Avropa kuboku davam edir. Millimizin heyətində mübarizə aparan “Neftçi”li Qönçə Cəfərli turnirin bürünc mükafatına layiq görülüb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti