UEFA arzusuna çatdı: “Pullu böyüklər” qalib gəldi

13 Dekabr 2019 22:20 Çempionlar Liqası 1 231
UEFA arzusuna çatdı: “Pullu böyüklər” qalib gəldi

2003-2004-cü illər mövsümü Çempionlar Liqasının formatının dəyişikliyi ilə yadda qaldı. İki pilləli qrup mərhələsi başa çatdı, qrup mərhələsindən sonra 1/8 finala keçildi. Həmin ildən bu yana CL-də "böyük beşlik" adlanan - İspaniya, İngiltərə, İtaliya, Almaniya və Fransa çempionatlarından başqa digər ölkələrin təmsilçiləri həmişə olub.

O dövrdən bəri rekord qeyri-beşlik ölkələrindən 5 komandanın – "Dinamo" Kiyev (Ukrayna), "Gent" (Belçika), PSV (Hollandiya), "Benfika" (Portuqaliya) və "Zenit"in (Rusiya) təmsil olunduğu 2015-16-cı ilin ÇL pley-off raundudur. Maraqlıdır ki, son 16 pley-off raundunun tətbiq edildiyi ilk ildə çempion qeyri-beşlik ölkəsi sayılan Portuqaliyadan "Porto" oldu. O dövrdən üzü bu tərəfə bir daha bu hal yaşanmadı.

Yayım və digər gəlirləri ilə digər ölkələrdən aşkar fərqlənən "böyük beşlik" ölkələri zaman-zaman qarşılarında əzmkar Portuqaliya, Hollandiya, Şotlandiya, Türkiyə, Rusiya, Ukrayna, Çexiya, Belçika (hətta Kipr / APOEL) klubları gördülər. 2018-19-cü il mövsümündə isə UEFA bu ölkələrin “müqavimət”ini qırmaq üçün "böyük beşlik"dən 19 komandanı (İspaniya, İngiltərə, İtaliya, Almaniya – hərəsindən 4, Fransa – 3) birbaşa qrup mərhələsinə daxil etdi. 2019-20-ci ildə də davam edən bu addımın nəticəsində cari mövsum ilk dəfə qeyri-beşlik ölkələrindən heç bir klub 1/8 final mərhələsində təmsil olunmadı.

Bunun ilk dəfə tətbiq olunduğu 2018-19-cu il mövsümündən əvvəl “Qarabağ” qrup mərhələsinə yüksəlməklə bizi sevindirmiş, Avropanı isə şoka salmışdı. O zaman qitə mətbuatı işğalda olan şəhərin komandasının bu səviyyəyə qalxma hekayəsinə biganə qalmamışdı. Amma görünür, UEFA-nı belə hekayələr yox, maddi maraqlar daha çox cəlb edir. Onlara "Ayaks", PSV, "Porto", "Benfika", "Sparta" (Praqa), "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş", "Dinamo" (Kiyev) kimi fanat ordusu olan amma büdcələri və yayım gəlirləri "böyük beşlik" ölkələrindən geri qalan klublar maraqlı deyil. Hətta bu absurd yanaşma ucbatından son yarimfinalçı və Avropa futboluna damğasını vurmuş "Ayaks"ın təsnifat mərhələsi oynamasına səbəb oldu.

Bəs bu addımlar nə ilə bağlıdır? Hələ 2009-cu ildə "Real"ın prezidenti Florentino Peres mövcud sistemi tənqid edərək, Avropa Super Liqası ideyasını ortaya atdı. 2016-cı ildə müzakirələr yenidən "alovlandı". Böyük klublar ÇL-dən daha böyük qazancların hədəfləndiyi Avropa Super Liqasını qurmaq istiqamətində işlərə başladılar. Bu, əlbəttə, UEFA üçün ciddi təzyiq idi. UEFA məcbur olaraq "böyük beşlik" ölkələrinin lehinə addımlar atmağa məcbur oldu. Bu ilin pley-offu UEFA-nın böyük klubların arzusunun gerçəkləşməsi kimi bir şey oldu. Bu isə bir müddət böyük klublara gəlirlər qazandırsa da, uzunmüddətli dönəmdə Avropa miqyasında turnirə marağı azalda bilər. Çünki "böyük beşlik"dən kənar "bazar" da "kiçik bazar" deyil və təmsil olunmadığı turnirlər bir müddətdən sonra onlara maraqlı olmayacaq.

Ümumiyyətlə, UEFA yayım, azarkeş və digər gəlirləri artırmaq üçün futbolun ruhunu, gərginliyini öldürən addımlar atmaqdadır. 55 üzvü olan UEFA-nın onlardan 24-nə Avropa Çempionatında iştirak haqqı tanımasından sonra 2016-cı ildə ən maraqsız qitə birinciliklərindən birini izlədik. Qrupdan 3 komandanın çıxa biləcəyi turnirin bu mərhələsi təbii olaraq sıxıcı oyunların şahidi oldu. Halbuki 16 komandalı AÇ-lar, hətta dünya çempionatlarından da maraqlı hesab edilirdi.

Ümid edək ki, UEFA Çempionlar Liqası üçün "böyük beşlik" ölkələrindən kənarda, amma Avropada söz sahibi klubların ölkə yox, şəxsi reytinqində mövqelərini nəzərə alan bir mexanizm qura və bunun doğru seçim olduğuna “pullu böyüklər”i inandıra biləcək.

Şəhriyar Əhmədov

Digər Xəbərlər
Xəbər Lenti