
Bir çox ölkələrdə 2025/26 mövsümünə start verilib.
Bu ayın sonuna qədər yerdə qalan çempionatlar da start götürəcək.
Ötən mövsüm başa çatandan sonra Azərbaycan klublarından ayrılan legionerlərin bir çoxunun yeni iş yeri müəyyənləşib. Lakin elələri var ki, hələ də karyerasını hansı ölkədə davam etdirəcəyini bilmir.
Bu siyahıya aid olan oyunçuların sırasında Premyer Liqamızda müəyyən iz qoymuşların olması xüsusən maraq doğurur. Vaxtilə komandalarının aparıcı simalarından olmuş belələri hələ də gözləmə mövqeyindədir.
Siyahının başında “Qarabağ”dakı parlaq karyerası ilə məşhrlaşan Marko Veşoviç dayanır. Monteneqro millisinin üzvü daha yaxşı pul qazanmaq niyyəti ilə axtarışdadır.
“Zirə”ni tərk edən Pyer Zebli ilə Yusuf Laval da hələ ki, heç bir klubla müqavilə bağlamayıb.
“Araz-Naxçıvan”ın Konfrans Liqasına vəsiqə qazanmasında payı olan Miço Kuzmanoviç, Sezar Meza Kolli və Bernardo Dias (Benni) da yeni macəra axtarışındadır.
“Turan Tovuz”un yollarını ayırdığı əcnəbilərdən bəziləri hələ də işsizdir. Siyahıda Kauan Martins, Alexandro Serrano və Kristian da Silvanın adları var.
“Neftçi”dən gedən çoxsaylı legionerlərdən Dembo Darbo ilə Rafael Quzzo hazırda klubsuzdur. Höccət Haqverdini gəlmələrin sırasına qatsaq, bəli, o da yaxşı qazanmaq üçün axtarışları davam etdirir.
Ötən mövsüm “Şamaxı”nın heyətində sərgilədiyi oyunla yerli klubların diqqətini çəkən Leroy Mikelsin hələ də “havada olması” təəccüb doğurmaya bilməz. Maykl Tuik də bu gün klubsuzdur.
“Sumqayıt”dan ayrılanlardan yalnız Miloş Miloviçə ehtiyac duyan yoxdur. Digər altı legionerin hamısı özünə yeni klub tapıb.
Adil Şükürovun gəlişindən sonra “Kəpəz”lə yolları ayrılan yeddi əcnəbidən yalnız Valdemar Almeydanın (Pana) gözləri yolda qalıb.
Beləliklə, yayda Premyer Liqa klublarının vidalaşdığı 50-yə yaxın əcnəbidən 16-sı hazırda axtarışdadır. Kimisi pul dalınca qaçır, kimisi də daha yaxşı liqada oynamaq arzusu ilə gözləyir. Bəziləri isə heç kimə lazım deyil.
HƏBİB / SPORTİNFO.AZ