
"Sumqayıt" yay təlim-məşq toplanışının ilkin mərhələsinə xəbər verdiyimiz kimi "İmişli" ilə sınaq matçı keçirməklə yekun vurdu.
Qolsuz bərabərliklə bitən görüşü izləyən iki mətbuat nümayəndəsindən biri də bəndəniz idi.
Təbii olaraq qarşılaşmadan sonra hər iki klubun baş məşqçisi ilə müsahibə etməyə qərar verdik.
Görək ki, ölkəmizə böyük təmtəraqla gətirilən "Sumqayıt"ın sükanı arxasında duran Saşa İliç və "İmişli"nin baş məşqçi postunda əyləşən Xorxe Kaskilyanın hədəfləri nədir?
Ölkəmizdə ilk günləri necə keçir? İlk yoxlama görüşündəki sıfır irəliləyişin arxasında nə durur?
Amma təəssüf ki, mütəxəssislərin ikisindən də müsahibə istəyimizə müsbət cavab gəlmədi.
Birmənalı olaraq danışmaq istəmədiklərini bildirdilər.
Bilmədik ki, meydandakı urvatsız futboldan, bir neçə həftə ərzində ortaya heç bir iş qoymamaqdan utanıb, danışmaqdan qaçdılar, yoxsa başqa səbəb vardı.
XANOĞLAN / SPORTİNFO.AZ