Heç kim arxayın olmasın ki...

Heç kim arxayın olmasın ki...

Azərbaycan klub futbolu adına uğurlu tur oldu.

3 qələbə, 1 heç-heçə çox yaxşı göstəricidir və ümumi əmsallar cədvəlinə önəmli xallar qazanıldı.

Hər zaman vurğulamışıq, istənilən çempionatın səviyyə göstəricisi avrokuboklarda oynanılan oyunlar, qazanılan nəticələrdir. Hətta “Sabah” Avropa Liqasında iki görüşün nəticəsinə görə “Celye”yə məğlub olsa da, öz barışmaz oyunu ilə inam yaratmışdı.

“Petrokub” Moldova təmsilçisi olmasına baxmayaraq, Konfrans Liqasının əsas mərhələsində çıxış etmiş komandadır.

“Sabah” gözlənildiyi kimi, iddiasını göstərdi və sona kimi mübarizə apararaq, layiqli qələbə qazandı. “Qarabağ” da uzaq səfərdə öz təcrübəsi, özünəməxsus oyun tərzi ilə böyükhesablı qələbəsi qazanaraq turun taleyini demək olar həll edib.

Digər təmsilçilərimiz “Zirə” və “Araz Naxçıvan” evdə oynasalar da, rəqiblərin gücü öncədən bilinirdi. Buna baxmayaraq, hər iki təmsilçimiz layiqli mübarizə apardılar, cavab qarşılaşmalarına ümid verdilər.

Nə qədər çətin görünsə də, səfər oyunlarında komandalarımız fiziki, taktiki, psixoloji hazır olsalar, futbolçular fərdi səhvlərə yol verməsələr, Xorvatiya və Yunanıstanda uğurlu nəticələrlə növbəti mərhələyə adlaya bilərlər. İstənilən halda, heç bir klubumuz arxayınlığa yol verməməlidir.

Sevindirici məqamlardan biri odur ki, legioner limitinin aradan götürülməsindən sonra avrokuboklarda çıxış edən klublarımız kütləvi halda bundan istifadə etmədilər, heyətlərdə özlərinə yer edən yerli futbolçular da inamlı çıxışları ilə seçildilər.

Hiss olunur ki, məsuliyyətləri daha da artıb, rəqabətə dözə bilirlər.

TAHİR SÜLEYMANOV, beynəlxalq dərəcəli hakim, mütəxəssis

Digər Xəbərlər
Xəbər Lenti