Azərbaycan futbolunda yeni derbi yolunda ilk addım - Bu komandanı hamı tanısın!

20 İyul 22:55 Azərbaycan Futbolu 488
Azərbaycan futbolunda yeni derbi yolunda ilk addım - Bu komandanı hamı tanısın!

Futbol azarkeşlərinin ən çox gözlədiyi matçlar sırasında şübhəsiz ki, derbilər xüsusi yer alır.

Derbi nədir?

Eyni şəhərin iki komandasının üz-üzə gəlməsidir.

Düzdü, son illər derbi anlayışı bir qədər sərhədləri aşıb.

Artıq ölkənin iki güclü komandasının üz-üzə gəlməsi də derbi adlanır.

Ölkəmizdə buna misal olaraq "Neftçi" - "Xəzər Lənkəran" matçını göstərə bilərik.

"Böyük oyun" adı verilmiş qarşılaşma ölkənin dördbir yanında, hətta ölkə hüdudlarından kənarda da böyük həvəslə izlənilirdi.

Derbilərin yaranmasında yalnız iki klub arasındakı rəqabət deyil, həm də təmsil olunduqları şəhərin, bölgənin tarixi, mədəni və sosial yaşayışı da önəmli yer alır.

İndi nə "Xəzər Lənkəran" var, nə də həmin derbinin dadı-duzu.

Təbii ki, hər bir futbol azarkeşi buna üzülür.

Amma yeni bir derbinin təməlinin qoyulması gələcəklə bağlı ümidli olmağa əsas verir.

Söhbət Sumqayıtda yaradılan "Məhəllə uşaqları" komandasından gedir.

Əsası ötən il qoyulan komanda hazırda Sumqayıt şəhərini Həvəskar Liqada təmsil edir.

Komandanın futbol həyatındakı ilk addımlarının da kifayət qədər uğurlu olduğunu deyə bilərik.

Bütünlüklə yerli futbolçulardan təşkil olunan kollektiv qrup mərhələsini uğurla başa vuraraq pley-off mərhələsinə vəsiqə qazanıb.

Hədəfi çempionluq olan gənc komandanın burada da işləri yolunda gedir.

1/8 final mərhələsinin ilk matçında "Mubariz"i 8:3 hesabla məğlub edərək 1/4 final yolunda inamlı addım atılıb.

"Məhəllə uşaqları"nın kapitanı "Sumqayıt", "Rəvan" kimi klublarda Premyer Liqa təcrübəsi olan Məhəmməd Alıyevdir.

O da gənc komanda olmalarına rəğmən tək məqsədlərinin turnirin qalibi olmaq olduğunu dilə gətirib:

"Qrupu lider olaraq başa vurduq. 1/8 finalın ilk oyununda qalib gəlmişik. Məqsədimiz çempion olmaqdır. Ən pis halda finala çıxmaq istəyirik. Bura qədər sponsorsuz gəlmişik. Heyətdə təcrübəli oyunçularımız var. Onların sayəsində bura qədər gəlmişik. Yeni mövsüm ümid edirik ki, sponsor tapılar. Belədə daha güclənərək üst liqalarda da uğurlu ola bilərik. Sumqayıt şəhərini böyük futbolda təmsil etmək bizə xoş olar. İnşallah, məqsədlərimizə çatarıq".

Yeni yaranmış komanda uğurlu çıxışına bu sürətlə davam edərsə, biz yaxın gələcəkdə onları daha üst liqalarda görə bilərik.

Həvəskar statusdan peşəkar statusa keçid isə Sumqayıtın futbol həyatına yeni canlanma qatmış olacaq.

Yarımmilyonluq şəhər ölkənin futbol məbədlərindən biri sayılır.

Burada ənənəsi qoyulacaq derbi ölkənin dördbir yanına səs salmış olacaq.

Komandanın baş məşqçisi Orxan Abdullayev də niyyətlərinin məhz yaxın gələcəkdə həmin derbinin iştirakçısı olmaq olduğunu bildirib:

"Məhəllədən yığılan uşaqlardı. Ona görə də bu adı seçmişik. Heyətdə yer alan uşaqlar zamanında peşəkar futbolla məşğul olublar. Komandanı yaradanda Ağamusa Bağırov (Sumqayıt Futbol Akademiyasının koordinatoru) mənə çox kömək edib. Məqsədimiz Region Liqasına vəsiqə qazanmaqdır. Təbii ki, iştah diş altındadır. Çox istərdik Premyer Liqaya qədər yüksələk".

Təbii ki, gözəl təşəbbüsdür. Lakin böyümək, inkişaf etmək yolunda həm də yaxşı maliyyə əsas şərtdir.

Bu baxımdan "Məhəllə uşaqları" komandasında sıxıntılar az deyil.

Düzdü, "böyük qardaş", gələcək rəqib "Sumqayıt" onlara maksimum yardım əlini uzadır.

Məsələn, ev oyunlarının keçirildiyi meydan "Kimyaçılar"a məxsusdur.

Buna görə qarşı tərəfə hər hansı ödəniş edilmir.

Yetərlidirmi?

Orxan bəyi dinləyək:

"Təbii ki, yetərli deyil. Arzularımızı gerçəkləşdirmək üçün yaxşı maliyyə lazımdır. Hazırda maliyyəmiz yoxdur. Xərclərin hamısını özüm qarşılayıram. Sponsorumuz olsa, bizim də istəyimiz gələcəkdə Sumqayıt derbisinin iştirakçısı olmaqdır, inşallah".

Biz də "Məhəllə uşaqları"nın qısa müddətdə yeni sponsora qovuşmasını arzulayırıq.

Belə gündə yerli sponsorların, iş adamlarının əlini cibinə atması mütləqdir.

Yerli uşaqların fədəkarlığına, mübarizəsinə dəstək olmaq həm də şəhər qarşısında bir mənəvi borc olmalıdır.

Bilirik ki, Sumqayıt şəhərində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundan əlavə "İnşaatçı" stadionu da yerləşir.

Amma baxımsızlıqdan yararsız hala düşüb.

İmkanlar genişlənərsə, hətta orada məskunlaşmaq, sözün həqiqi mənasında "Sumqayıt" üçün bir rəqib olub, sözün yaxşı mənasında başağrısına çevrilmək olar.

Ümid edək ki, yaxın gələcəkdə maliyyə imkanları genişləncək. Planların həyata keçirilməsi asanlaşacaq. Çəkilən böyük əziyyət böyük hədəflərə çatmaq yolunda körpü olacaq.

Axı belə derbilərin yaranması, rəqabətin formalaşması azarkeşlərin də tribunlara yolunu açmış olacaq.

Uşaqların futbola sevgisini birə-beş artırmış olacaq.

Qısası, planlar böyükdür, qalır həyata keçməsi.

Əgər arzular reallaşsa, yaxın keçmişdə bütün Azərbaycana səs sala biləcək sözün həqiqi mənasında bir derbi bizi gözləyir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
20 İyul 03:50 Küveytə məğlub olduq
20 İyul 03:20 "Siyahımda kimlər var?"
19 İyul 23:20 Portuqaliya klubuna getdi