
Azərbaycan kubokunun finalı ilə daha bir mövsümü arxada buraxdıq.
"Sabah" həlledici görüşdə əksəriyyətin ehtimallarının əksinə olaraq "Qarabağ"ı məğlub edərək (3:2) tarixində ilk dəfə titul qazandı.
Sportinfo.az-a açıqlama verən futbol mütəxəssisi Azər Bağırov "tələblər"in qələbəsini şərh edib:
"Maraqlı, gərgin oyun olacağı ehtimal olunurdu. Çünki "Sabah"ın avrokuboklara getməsi üçün son şansı idi.
"Qarabağ" isə psixoloji olaraq özünü rahat hiss edirdi. İlk dəqiqələrdən bunu gördük. "Sabah" təslim olmaq istəmirdi. Bacardığı qədər pressinq edərək "Qarabağ"ın oyununu pozmağa çalışırdı.
Gözlənildiyi kimi maraqlı qarşılaşma keçdi. Azarkeşlər finaldan zövq ala bildi. Ən sevindirici məqam odur ki, yerli futbolçular özünü yaxşı tərəfdən göstərə bildi.
Hakimlik barədə nə deyə bilərəm? Görünən odur ki, İnqilab Məmmədov oyuna yaxşı hazırlaşmışdı və matçı istədiyi kimi idarə etdi".
XANOĞLAN