O, "Sabah"a "Qarabağ"dan kuboku qoparmağın sirrini açıqladı

31 May 14:00 Azərbaycan Futbolu 611
O, "Sabah"a "Qarabağ"dan kuboku qoparmağın sirrini açıqladı

Bu gün Azərbaycan kubokunun finalı ilə mövsümə yekun vurulacaq.

Həlledici qarşılaşmada "Qarabağ" və "Sabah" komandaları üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matçdan əvvəl Sportinfo.az-a açıqlama verən futbol mütəxəssisi Aslan Kərimov gözləntilərini bizimlə bölüşüb.

O, bir vaxtlar formasını geyindiyi Ağdam təmsilçisini aşkar favorit adlandırıb:

"Düşünürəm ki, maraqlı oyun izləyəcəyik. Finalın favoriti "Qarabağ"dı. Əsas səbəb Ağdam təmsilçisinin oyun keyfiyyəti və futbolçu potensialına görə rəqibini üstələməsidir.

Digər tərəfdən son oyunda daha çox güc itirən tərəf "Sabah" oldu. Komanda oyunun böyük hissəsini 1 nəfər azlıqda keçirməli oldu.

Ümumi müqayisə aparası olsaq, "Qarabağ"ın müdafiəsi daha etibarlı təsir bağışlayır. "Sabah" tərəfində tez-tez ciddi xətalara şahid oluruq.

Hücum xəttində də "Qarabağ" daha iti, effektiv görünür. Ortaya çıxan mənzərə göstərir ki, "Qarabağ" favorit olacaq.

Belədə onlar daha çox dominantlıq etməyə çalışacaq. "Sabah" ikinci nömrə ilə oynamaq məcburiyyətində qalacaq.

Təbii ki, final oyunları fərqli olur. "Sabah" da kuboku qazana bilər.

Əsas üstünlükləri o ola bilər ki, topu ələ keçirdikləri anda uzun ötürmələrlə irəli çıxmaq və maksimum topu gec itirmək olmalıdır.

Belədə "Qarabağ"ın oyunçuları daha çox qaçmalı olacaq. Bu da əlavə yorğunluğa yol açmış olur.

Keçidlərdə top itirilməsə "Sabah" uğur qazana bilər. Əks halda "Qarabağ" bir neçə cəhddə üstünlük yaxalamış olacaq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti