
Bu gün Azərbaycan kubokunun finalı ilə mövsümə yekun vurulacaq.
Həlledici qarşılaşmada "Qarabağ" və "Sabah" komandaları üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matçdan əvvəl Sportinfo.az-a açıqlama verən futbol mütəxəssisi Şahin Diniyev gözləntilərini bizimlə bölüşüb:
"Final 1 oyundan asılı olan matçdır. Hər iki komandanın şansları bərabərdir.
"Sabah" üçün avrokuboklara getmək yolunda son şansdır. Bundan maksimum istifadə olunmalıdır.
Səhvə yer yoxdur. Ona görə də "Sabah" tərəfi üçün çox əhəmiyyətli matçdır.
Düzdü, "Qarabağ" daha güclü görünür. Həm oyun, həm heyət baxımından.
Komandanın bugünkü durumu, motivasiyası yüksək səviyyədədir. "Sabah" stabil deyil. Amma finalda bu yetərli olmaya bilər.
Necə yanaşmadan asılıdır. Aşırı motivasiya komandanı yandıra bilər və ya əksi olar.
Oyunun gedişatı da çox şeyi dəyişə bilər. İlk qolu kimin vurmasından çox şey asılı olacaq, çünki belədə qol buraxan tərəfdə B planı işləməlidir.
Bizi yaxşı qarşılaşma gözləyir. "Sabah" daha motivasiyalı tərəf olacaq.
Ümumiyyətlə baxası olsaq, "Qarabağ" 1 addım öndə görünür. Hər iki komandaya uğurlar!
Finalda gözəl oyun olmur. Düşünürəm ki, bu dəfə həm də yaxşı oyunla azarkeşləri sevindirə biləcəklər".
XANOĞLAN / SPORTİNFO.AZ