8 illik aradan sonra "Xəzər Lənkəran"ın qayıdışı üçün yaranan BÖYÜK QIĞILCIM

14 Fevral 2024 19:40 Azərbaycan Futbolu 2 807
8 illik aradan sonra "Xəzər Lənkəran"ın qayıdışı üçün yaranan BÖYÜK QIĞILCIM

"Xəzər Lənkəran"ın qayıdışı ilə bağlı hazırda tutarlı fakt yoxdur.

Nə klubun yaradıcısı Mübariz Mənsimov bu barədə açıq məlumat verib, nə də kluba bağlılığı olan və fəaliyyətini dayandırdığı gündən hər kəsin "görəsən, "Xəzər" haçan qayıdır" sualı ilə futbol ictimaiyyətinin üz tutduğu şəxslərdən də belə bir informasıya çıxmayıb.

Sadəcə dəqiq olan odur ki, Xəzər Lənkəran stadionu təmirə bağlanıb.

Baxımsızlıqdan yararsız hala düşən futbol məbədi əvvəlki günlərinə qovuşacaq.

Təbii ki, böyük qayıdış üçün bundan böyük qığılcım ola bilməzdi.

Arxada qalan müddətdə yalnız arena yararsız hala düşməmişdi, "Xəzər"lə yaşayan qəlblər sınmışdı, ümidlər puç olmuşdu.

Sonuncu Lənkəran səfərimdə yerli camatdan eşitdiyim oxşar cümlə bu idi - O "Xəzər" bir də qayıtmaz.

Həqiqətən, o "Xəzər"in yerinə yeni "Xəzərlər" yaratmaq iddiasında az adam olmadı.

Amma heç biri insanların unutmadığı, xatirələrində yaşatdığı "Xəzər" olmadı.

İllərdi Mübariz bəydən məhz o "Xəzər"lə bağlı belə iri addım atmasını görmürdük.

Belədən bunun "qayıdış" siqnalı kimi qəbul edilməsi normaldır.

Əbəs deyil ki, bu informasıya nəinki cənublu tərəfdarları, bütünlükdə futbol camiəsini hərəkətə gətirib.

Bu gün hər kəs "görəsən, "Xəzər Lənkəran" qayıdacaqmı" sualı ətrafında son illər heç vaxt olmadığı qədər baş sındırmaqla məşğuldur.

Çox sayda mesaj yazan, zəng edən dostlar, oxucular şad xəbərin verilməsinə görə minnətdarlıq edirlər.

Hətta arasında göz yaşını saxlaya bilməyənlər belə var.

Bir də bu komandanın 8 ildən sonrakı dönüşünü düşünün.

Kiçik qığılcımda üzü gülən adamları böyük partlayışda təsəvvür etmək elə də çətin deyil.

Məncə, "Qarabağ"ın uğurları xaric, futbolumuzun üzü son illər bu günlərdəki qədər gülməmişdi.

Bu gülüşün arxasında "Xəzər Lənkəran" sevgisi durur.

Azərbaycan futbolunda nə çox klub var ki, fəaliyyətini illərdi dayandırıb. Amma heç biri Cənub təmsilçisi kimi xatırlanmayıb.

Çünki azarkeşlərin "Xəzər"li Azərbaycan futboluna baxışı, münasibəti bir başqadır - Pozitiv, rəngarəng, həyəcanlı və dinamik.

Ona görə də 8 ildi tərəfli-tərəfsiz hər kəs "qayıt, "Xəzər" - duası ətrafında var-gəl edir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 22:40 “Zirə”dən ən yeni...
1 Sentyabr 17:30 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
1 Sentyabr 02:40 "Turan”dan Toqoya dəvər