
Zaman-zaman yerli klublarımızın gənc futbolçulara az şans verməsindən, inkişafının önünü kəsməsindən danışırıq.
Amma bəzən də klub hər cür şərait yaradır, lakin gənc futbolçu inkişafa can atmır.
Yerində saymağı məqsədə uyğun sayır. Düzdü, bu yanaşma hər dəfə yaşanmır. Yaşandığı hallar da az olmur. Məsələn, “Sabah”dakı kimi.
“Turan Tovuz” və “Kəpəz” başda olmaqla bir neçə Premyer Liqa klubunun Masazır təmsilçisindən icarəyə futbolçular istədiyi sir deyil.
Ümumiyyətlə, bu xüsusda olan danışıqlarda “Sabah” adı ən çox hallanan klublarımızdan biri və bəlkə də hazırda birincisidir deyə bilərik. Çünki heyətində çox sayda gənc futbolçu var. Bu say həm də gənclərə daha çox şans verilməsi, diqqət yetirilməsi kimi də qiymətləndirilməlidir.
Təbii ki, hədəfləri daha da böyüyən klub qarşıdakı mövsüm heç arxadan qalan ildəki qədər də onlara şans vermək imkanına sahib olmayacaq.
Bunu yaxşı başa düşən klub rəhbərliyi özü də gənclərin daha çox oynaya biləcəyi klublara icarəyə verilməsində maraqlıdır. Gələn təkliflərə isti baxılır, müsbət qarşılanır. Amma bəzən gənclər bunu anlamaq istəmir. Konket misal çəkəsi olsaq, Kamran Quliyev kimi…
22 yaşlı forvard arxada qalan sezon əsas komandada biri kubok olmaqla cəmi 5 qarşılaşmada iştirak edib. Amma sir deyil ki, yeni mövsüm bu sayın heç 5 matç da olmamaq ehtimalı yüksəkdir. Çünki heyətə Namiq Ələsgərov, David Volkov, Anatole Nuriyev kimi təcrübəli simalar cəlb edilib. Belədə baş məşqçi Murad Musayevin Quliyev və digər gənclərin xidmətində çox da maraqlı olmayacağı anlaşılandı. Bəs çıxış yolu nədir?
Mütləq daha çox oynayacağın kluba getməkdir. Hər halda 22 yaş heç gənc yaş da deyil. Əvəzedici komandada gün keçirmək yox, elə əsl oynamalı vaxtdır. Nə yazıq ki, Kamran bunu dərk etmir, anlamaq istəmir. Kamranı ona görə misal çəkirəm ki, konkret o, onun üçün klubdan gələn müraciətə “yox” cavabı verib. Təklif isə ölkə xarici ilə bağlı olub. Klub icarəyə göndərəcəyi futbolçusuna maaşı da öz üzərinə götürüb. Amma Quliyev yenə razılaşmayıb. Görünür, o, əvəzedici komandada qol vurmağa davam etməkdə daha maraqlıdır.
Amma heç olmasa çox uzağa da getməsin, öz komanda yodaşı və həmyaşıdı olan Şakir Seyidova baxıb dərs alsın. Şakir öncə rəhbərlikdən xahiş edib, oynamaq üçün Latviyaya getdi. Cəmi 2 aya Latviya yüksək liqasında 8 matça çıxdı. Böyük təcrübə qazandı. Bu gün isə “Turan Tovuz”dan gələn dəvətə ilk fürsətdə “hə” deyib. Halbuki Şakirin “Sabah”ın əsas komandasında oynamaq perespektivi Kamrandan ən azı iki dəfə çoxdur. Əbəs deyil ki, onun əsas komandadakı oyun sayı 49-dur. Kamranda isə bu say cəmi 5-di. Sadəcə Şakir reallıqları gözəl başa düşür və özünü əziyyətə verərək, xarakter göstərərək gah qərib diyara gedir, gah da qərb bölgəsinin təmsilçisinə. Ki, daha çox oynasın, daha çox artırsın.
Ümid edək ki, Şakir kimi Kamran da bu həqiqəti, reallığı qəbul edəcək və karyerası ilə bağlı bu həssas dönəmdə doğru qərar vermiş olacaq.
Çünki futbolumuzun sabah Şakir və Kamran kimi yerlilərə çox ehtiyacı olacaq.
XANOĞLAN İMANOV