İdman (ingiliscə “sport”) insanların müəyyən qayda üzrə təşkil edilmiş hərəkətidir.
İdman əhvalı yüksəldir, xroniki xəstəliklərin qarşısını alır, çəkini qorumağa kömək edir, ürəyin və ağciyərin funksiyasını gücləndirir, yuxusuzluğu aradan qaldırır, intim həyatı aktivləşdirir, təngnəfəsliyi aradan qaldırır.
Demək, həyatı¬mı¬zı idmandan ayrı təsəvvür edə bilmərik.
I dərəcəli həkim, idman tibbi üzrя ixtsaslaşmış Seyfяddin Mяmmяdov Sportinfo.az-a açıqlamasında bildirib ki, idmandan düzgün istifadə orqanizmimizə sağlamlıq, fəaliyyətimizə uğur gətirir:
"İdmandan düzgün istifadə edilmədikdə fəsadlar baş verir. İstər peşəkar idmançılar, istərsə öz sağlamlığı üçün məşğul olanlar orqanizmə verilən fiziki yükün ağırlığına və onlar arasındakı fasiləyə, orqanizmin bərpasına, qida rasionunun və s düzgün təşkilinə ciddi riayət etməlidirlər.
Bəzən idmançılar yüksək nailiyyət əldə etmək üçün həddən artıq fiziki yükdən, qida əlavələrindən (protein, kriatin, amin turşular və.s), dopinqdən (müxtəlif hormonal farmakoloji və fizioloji preparatlar) belə çəkinmirlər.
Onlar bilməlidilər ki, yüksək nəticələr əldə etmək nə qədər şərəflidisə, sağlamlıqları ondan da əzizdir. İtirilən sağlamlığı bərpa etmək çox çətindir. Çox təəssüf ki, bu cəhət bəzən unudulur".
İDMAN UŞAQLARIN SAĞLAMLIĞIDIR
Uşaqlar insanların ən dəyərli varlıqlarıdır. Yunan filosofu Pifaqor (e.ə.570-490) deyib: “Uşaqlarımızın göz yaşlarını qoruyun ki, onlar bu yaşları sizin qəbrinizin üstündə axıda bilsinlər”.
Bu fikrə rəğmən, uşaqlara həkim nəzarəti aşağıdakı qaydaları reallaşdırmaqdır.
- Xroniki infeksiya mənbəyinə (XİM) və onlarin sanasiyasına xüsusi diqqət yetirmək;
- Ürək ritminin pozuntularına xüsusi diqqət yetirilməlidir. Belə kii, bu hallar yeniyetmələrdə, gənclərdə və qızlarda tez-tez baş verir. Bəzən belə ritm pozğunluqları (ekstrosistoliya) funksional mənbəli olur ki, bu da XİM mövcndluğu və ya ürək əzələlərinin orqanik nəticəsi ola bilər;
- Bəzən gənclərdə və qızlarda arterial təzyiqin yüksəlməsi aşkar olunur. Bir vaxtlar “gənclər hipertoniyası” termini mövcud idi və belə hesab edilirdi ki öz-özünə keçib gedəcək. Bu, düzgün baxış deyildi. Bu hal həkim tərəfindən nəzarətə götürülməlidir;
- Ürək həcminin inkişafının dayaq-hərəkət sisteminin inkişafından geri qalmasına “kiçik ürək” sindromu deyilir ki, buna da xüsusi diqqət yetirilməlidir. Cinsi yetkinlik dövrünə diqqət yetirmək lazımdır. Pasport yaşı ilə bioloji yaş 40% cinsi yetkinlik dövründə üst-üstə düşmür;
- Akselerasiya probleminə diqqət yetirmək lazımdır. Uşaqlarda boy artımının tezləşməsi baş verir;
- İdmana hansı yaşda başlamasının dəqiqliyi mühümdür. Çünki vaxtından əvvəl məşqlərə başlamaq, yarışlarda iştirak etmək, böyüklərlə yarışlarda iştirak etmək uşaqların harmonik inkişafına və sağlamlığına mənfi təsir göstərir.
Müxtəlif idman növləri üzrə hazırlıq mərhələsi və təlim məşq məşğələləri
İdman novü Yaşı Başlanğıc mərhələ Təlim-məşq hazırlığı
Güləş (bütün növlər) 8-10 11-13
Boks 10-12 13-14
Futbol 8-10 11-13
Otüstü xokkey 9-10 11-12
Voleybol 9-11 12-13
Basketbol 9-10 11-13
Həndbol 8-10 10-12
Velosport (trek, şosse) 10-11 12-13
Atçılıq 11-12 13-14
Qılıncoynatma 8-10 10-12
Stolüstü tennis 6-8 8-10
Tennis 6-8 8-10
Oxatma 9-10 11-12
Güllə atıcılığı 10-12 12-14
Ağır atletika 12-13 14-15
Yüngül atletika 9-10 11-12
Akrobatika 6-8 9-10
İdman gimnastikası:
- oğlanlar 7-8 9-10
- qızlar 6-7 8-9
Bədii gimnastika 5-7 8-9
Su polosu 9-11 11-13
Avarçəkmə-akademik 9-10 11-12
Avarçəkmə 10-12 12-14
Üzgüçülük 5-7 7-9
Tranplindən suya tullanma 8-9 10-12
Beş növçülük 9-11 11-13
Şahmat, dama 6-8 9-11
S.Məmmədov deyib ki, böyük idmançılarda olan həkim nəzarətinin əsas prinsiplərini mexaniki olaraq uşaqlara aid etmək olmaz:
“Uşaqlarda ürək-damar sisteminin, tənəffüs sisteminin, sinir sisteminin və s. öz xüsusiyyətləri var. Uşaqlarda xarici təsirə qarşı reaksiya, dəqiq desək fiziki yüklənməyə qarşı reaksiya özünəməxsusdur.
Yəni uşaqların öz patalogiyası var. İdman zədələnmələrinə uşaqlarda böyüklərdən iki dəfə çox rast gəlinir. Uşaqlarda ağır fiziki zədələnmənin faizi 25-ə qədər artıb. Təlim-məşq toplanışlarında uşaqlarda zədələnmənin faizi 4-5 təşkil edir“.
Uşaqlarda idman yararlılığı
Onun sözlərinə görə, uşaqların idman yararlılığını təyin etmək üçün həkim tərəfindən istifadə edilən göstəricilər kompleksi “predikant” adlandırılır.
Əsasən dayanıqlı morfoloji və fizioloji göstəricilər, mütəhərriklik və analizator göstəriciləri, ali sinir sisteminin fərdi xüsusiyyətləri və idmançının şəxsi xüsusiyyətləri “predikant” kompleksinə aid edilir. Tövsiyyə olunan “predikant” göstəricilərə daxildir:
Morfoloji göstəricilər: boy, çəki, yuxarı və aşağı ətrafların uzunluğu, oturaq vəziyyətdə boy, bədənin aktiv kütləsi (piy kütləsi nəzərə alınmır), sklet əzələsi liflərinin tərkibi (“cəld” və “ləng” əzələ lifləri).
Fizioloji göstəricilər: ağciyərin həyat tutumu, dəqiqəlik tənəffüs həcmi (hər 1kq həcm üçün), hipoksiyaya qarşı davamiyyət, qanda CO2 (karbon qazı) konsentrasiyasına (hiperkapniya) qarşı hissiyat, sakit vəziyyətdə ürək yığılmaları tezliyi (bradikardiya) submaksimal fiziki yükə qarşı ürək yığılmaları tezliyi (PWC170 sınağı), maksimal oksigen sərfiyyatı.
Mütəhərriklik göstəriciləri: hərəkət sürəti (teppinqtest və s), elastiklik (bədənin irəli mailliliyi, barmaqların pəncə səviyyəsindən hündürlüyü smlə və s.), vestibulyar dayanıqlıq (sol ayaq üstündə müvazinəti saxlama müddəti), indoksometrik və somatotipometrik faktorlarla əlaqəli əlamətlər aid edilir.
Psixoloji göstəricilər: mərkəzi sinir sisteminin xüsusiyyətləri (güc, dayanıqlıq, hərəkətlilik), temperamentə aid xüsusiyyətlər (sanqvink, xolerik, fleqmatik, melanxolik) və şəxsi xüsusiyyətlər (dayanıqlıq, emosional vəziyyətlər, şəxsiyyətin ekstra və ya introvertiv yönümlülüyü) və s.
6-15 yaşlı uşaqların əsas antropometrik və fizioloji göstəriciləri
(uşaqların fiziki inkişafı onların sağlamlığının ən mühüm göstəricisidir)
Yaş Boy (sm) Cəki (kq) Başın dairəsi (sm)
oğlan qız oğlan qız oğlan / qız
6 yaş 111-121 111-121 19,7-24,1 19,0-23,6 51,0
7 yaş 118-129 118-129 21,6-27,9 21,5-27,5 51,0
8 yaş 125-135 124-134 24,1-31,3 24,2-30,8 51,0
9 yaş 128-141 128-140 26,1-34,9 26,6-35,6 51,0
10 yaş 135-147 134-147 30,0-38,4 30,2-38,7 51,0
11 yaş 138-149 138-152 32,1-40,9 31,7-42,5 52,0
12 yaş 143-158 146-160 36,7-49,1 38,4-50,0 52,0
13 yaş 149-165 151-163 39,3-53,0 43,3-54,4 52,0
14 yaş 155-170 154-167 45,4-56,8 46,5-55,5 52,0
15 yaş 159-175 156-167 50,4-62,7 50,3-58,5 52,0
Uşaqlarda ürək döyüntülərinin sayı
Yaş 1 dəqiqədə olan say
7 80-90
8 80-85
9 80-85
10 78-85
11 78-85
12 75-82
13 72-80
14 72-78
15 70-75
Vaxtilə su polosu üzrə Azərbaycanda yığmasında çalışmış həkimin fikrincə, müşahidələr göstərir ki, kiçik və orta yüklərdən sonra uşaqlarda vegetativ sistemin artıq mobilliyi (mütəhərrik, sürətlə hərəkət edən) hesabına bərpa prosesi müddəti qısalır, əksinə intensiv və davamlı fiziki yüklər və ya yarışlardan sonra isə bərpa prosesi müddəti nəzərə çarpacaq dərəcədə gecikir. Belə vəziyyətlər pubertat dövürdə daha çox müşahidə olunur. Sistematik məşq edən uşaqlarda bərpa prosesi xeyli sürətlənir. Bu göstərilənlər məşq prosesində mütləq nəzərə alınmalıdır.
Uşaqlarda müşahidə edilən hərəkət hipoksemiyasının inkişafı və bununla yanaşı, oksigen çatışmazlığına dözümün zəif olması məşq zamanı fiziki yükün güc və intensivliyinin artırılmasında xüsusilə ehtiyatlı olmağı tələb edir. Eyni zamanda uşaqlar üçün xarakterik hesab edilən, orqanizmin enerji itkisini təmin edən aerob (sərbəst oksigenin varlığı ilə bağlı olan şərait) məhsuldarlığın aşağı həddi məşq prosesində intensiv deyil, ekstensiv fiziki yükə üstünlük verilməsini tələb edir.
Böyük fiziki yüklərdən sonra uşaqlarda bərpa dövrü müddətinin uzanmasını nəzərə alaraq idman məşqinin son yekun hissəsinin davam müddətinin uzadılması, eləcə də məşqlərdən sonra istirahət müddətinin artırılması məqsədəuyğundur.
Uşaqlarda qanın oksigen tutumu az olduğundan fiziki yükləmə zamanı orqanizmin oksigen nəqli sisteminin imkanları daha çox məhdudlaşır. Bu da maksimal oksigen sərfi və oksigen sərfi səviyyəsinin böyüklərə nisbətən 2 və ya 3 dəfə aşağı olmasına səbəb olur.
Uşaqlar maksimal oksigen sərfi səviyyəsini böyüklərlə müqayisədə daha qısa müddət ərzində saxladıqları üçün tez yorulurlar.
Uşaqlarda miokard metobolizmində repolyarizasiya proseslərinin ləng gedişini nəzərə alaraq idman məşqlərində məşq qabağı hazırlığa daha çox vaxt ayrılmalıdır.
Bəzən gənclərdə və qızlarda arterial təzyiqin yüksəlməsi aşkar olunur. Bir vaxtlar “gənclər hipertoniyası” termini mövcud idi. Belə hesab olunurdu ki, yaş dövrü ilə bağlıdır, öz-özünə keçib gedir. Bu gün belə baxış nöqtəsi ola bilməz. İstənilən arterial təzyiqin yüksəkliyi pressor reaksiyalara meyillilik əlamətidir. Bu da “gənclər hipertoniyası” deyil, konkret gənclərdə olan hipertoniya xəstəliyi deməkdir. Əfsuslar olsun ki, buna 10-15 yaşlarında olan oğlanlarda 15-17%, qızlarda isə 13,3% rast gəlinir. Belə arterial təzyiq yüksəlmələri həkim tərəfindən ciddi diqqət tələb edir. Fiziki hərəkətlərin düzgün tətbiqi nəticəsində hipertonik xəstəliyin qarşısı alına bilər. Həddindən artıq yüklənmələr isə bu xəstəliyi inkişaf etdirir.
“Akselerasiya” termini 1935-ci ildə alman alimi Kox tərəfindən irəli sürülüb, uşağın boy artımının və fərdi inkişafının tezləşməsi mənasını verir. İnsanın boy artımının tezləşməsi faktı çoxdan məlumdur, ancaq son illərdə bu proses o qədər artıb ki, akselerasiyanı XX əsrin naməlum prosesi adlandırırlar.
Uzunboylu uşaqları akselerat, kiçik boylu uşaqları isə retardant adladırırlar. Əgər bütövlükdə akselerasiyanı müsbət qiymətləndirmək mümkün olsa belə, boy artımının tezləşməsi fiziki inkişafda disharmoniya yaradır. Konkret olaraq daxili orqanların inkişafdan qalması, ilk növbədə ürək-damar və tənəffüs sisteminə təsirini göstərir. Hər bir 15 yaşlı yeniyetmədə boy artımı ilə ürək-damar sistemi inkişafı arasında müəyyən uyğunsuzluq olur. Buna görə də akselerantlar tez yorulmaqdan, zəiflikdən, ürək döyüntüsündən və s. şikayətlənir. Bu vəziyyətdə “balaca ürək” sindromu özünə yer alır.
Qeyd etmək lazımdır ki, akselerant uşaqlarda aşağıdakı xəstəliklərə tez-tez rast gəlmək olur: dişlərin kariesi, zəif görmə, şəkər və başqa xəstəliklər. 15% yeniyetmələr hipertonik xəstəlikdən, 12-14 yaşlı uşaqlar ateroskleroz və onkoloji xəstəliklərdən əziyyət çəkirlər.
Belə müəyyənləşdirilib ki, məşq prosesinin düzgün qurulması akselerantları idmanda tez inkişaf etdirməklə yaxşı nəticələr əldə etmək olar.
Nəzərə almaq lazımdır ki, bu dövrdə əzələ - sümük sisteminin dözümlülüyü bir qədər aşağı düşür. Buna görə də ümumi fiziki hazırlıq zamanı xüsusi fiziki yükləmələr tədricən, yavaş-yavaş artırılmalıdır.
İdmançı yeniyetmələrin sağlamlığının vəziyyəti yoxlanılarkən ürək həcminin inkişafının dayaq-hərəkət sisteminin inkişafından geri qalmasına xüsusi diqqət yetirilməlidir. Bu zaman vacibdir ki, akselerasiya nəzərə alınsın. Burada söhbət balaca (“Kiçik ürək” sindromu) ürəkdən gedir.
Kiçik ürək funksional baxımdan tam deyil. Buna görə də onun fiziki yüklənməyə adaptasiyası böyük gərginliyə səbəb olur. Belə ki, bu cür ürəyi olan uşağın iş qabiliyyəti azalır. Adətən, kiçik ölçülü ürək sindromu yaş artdıqca (yəni yeniyetmə yaşa dolduqca) aradan qalxır və orqanizmin digər sistemləri ilə uyğunlaşır. Belə ölçülü ürəyə malik olan uşaqlar həkimin xüsusi nəzarəti altında olmalıdırlar.
Xanoğlan İmanov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb.


