FUTBOL - Narkomaniya və pis vərdişlərə qarşı təsirli vasitə - FOTOLAR

23 Oktyabr 2021 19:00 Araşdırma 492
FUTBOL - Narkomaniya və pis vərdişlərə qarşı təsirli vasitə - FOTOLAR

“İsgəndər Cavadov Bakı Futbol Akademiyası” 2017-ci ilə rəsmən fəaliyyətə başlayıb.

Akademiya yaranığı vaxtdan “İsgəndər Cavadov BFA” adı altında AFFA-nın bayrağı altında keçirilən U-10, U-12, U-13, U-14 və U-15 liqalarında iştirak edib.

BFA aradan keçən qısa müddət ərzində xeyli sayda gənc istedad üzə çıxıb. Onların bir çoxu hazırda Premyer Liqa klublarının düşərgələrində yer alır.

Məqsəd pul qazanmaq deyil
Akademiyanın vitse-prezidenti Yaşar Seyidovun bildirdiyinə görə, burada əsas məqsəd pul qazanmaq deyil.

Sitat: “Bizim üçün ən vacib olan yeni nəsilin sağlam yetişməsidir. İndi akademiyada 100-ə yaxın uşaq və yeniyetmə futbolun sirlərini öyrənir.

Təbii ki, bu uşaqların hamısı gələcəkdə futbolun arxasınca getməyəcək. Onların arasından 5-10 nəfər çıxsa, artıq uğurdur. Bu, hər yerdə belədir.

Harada olur-olsun, əgər yüzlərlə uşağın içindən 1 nəfər böyük futbolda tanınmağa başlayırsa, həmin akademiyanın işi müsbət qiymətləndirilir.

Normalda biz peşəkar klubların maraq dairəsinə düşən yetirmələrimizə görə kompensasiya istəməliyik. Qanunla bu, belədir.

Sadəcə, çalışırıq ki, Premyer Liqa təmsilçilərinin istədiyi istadadlı uşaqlara yol açaq, qoy gedib daha yaxşı şəraitdə məşq etsinlər, bir neçə il sonra tanınsınlar.

Saymalı olsaq, geridə qalan 4 ildə 50-yə yaxın yetirməmizin həmin klublara keçidinə icazə verdiyimizi deməliyəm. Fikrimiz var ki, akademiyanın nəzdində fəaliyyət göstərən yaş qruplarının sayını artıraq.

Bu uşaqlar bir neçə ildir bizdədir və onları küçəyə atmaq olmaz. AFFA bunun kimi akademiyalara bir az diqqəti artırsa, yaxşı olar. Premyer Liqanın elə klubu yoxdur ki, bizdən uzaq aparmasın.

Halbuki o uşaqların çoxuna 1-2 il əvvələdək heç kim yaxın durmurdu, heç kim tanımırdı. Onları aparanlar da kompensasiya ödəmir. Akademiya kimi böyüməyin yolu AFFA-nıın dəstəyindən keçir”.

“İndiyədək eşitməmişəm ki...”
Müsahibin bildirdiyinə görə, idman akademiyaların sayının artması narkomaniya və digər zərərli vərdişlərə qarşı ən güclü təsirli vasitədir:

“BFA əsasən Xırdalan şəhəri və ona yaxın qəsəbələrdən olan uşaq-yeniyetmələrə xidmət edir. Düzdür, koronavirus pandemiyasına görə, bir müddətdir Abşeron Olimpiya Kompleksi qapalı rejimə keçib və oradan istifadə edə bilmirik, amma fəailiyyətimizə ara verməmişik.

“Neftçi”nin keçmiş bazasında məskunlaşmışıq. Məsafənin uzaq olmasına baxmayaraq, uşaqlar böyük həvəslə məşqlərdə iştirak edir.

Onların neçə həvəslə çalışmasını görüncə, insan istər-istəməz təsirlənir, xoş xəyallara dalır. Fikirləşirsən ki, bu uşaqlar pis çevrəyə düşə bilərdi, indi isə o, sevimli idman növüylə məşğul olur.

Təhsil və idmandan uzaq düşən yeniyetmələrin sayı artıb. Bu, son vaxtlar ciddi problemə çevrilib. Dövlət bunun qarşısını almaq üçün üzərinə düşəni edir.

Gərək, iş adamları və biznes sferasına daxil olan ayrı-ayrı şirkətlər də öz köməkliklərini göstərsinlər, idman yönümlü sosial layihələrin həyata keçirilməsinə dəstək olsunlar.

Azərbaycana belə akademiyalar çox lazımdır. Hər şəhərdə, hər rayonda olmalıdır. İndiyədək eşitməmişəm ki, AFFA prezidenti Rövnəq Abdullayev utbolun inkişafına xidmət edən hansısa layihəni dəstəkləməsin.

Biz də buna ümid bəsləyirik və inanırıq ki, AFFA prezidenti akademiyamızın fəaliyyətinə dəstək verməkdə davam edəcək. 100-ə yaxın uşağın pis vərdişlərə qurşanmaması, sırf futbola məşğul olmasının nəyi pisdir?

Heç yerdə şans qazanmayan, təzə-təzə futbola gələn uşaqlara şans vermişik, oynatmışıq, sonra da başqalarının diqqətini çəkiblər. Akademiyamız konveyr kimi işləyir”.

“Onları taleyin ümidinə buraxmaq istəmədik”
BFA bu mövsümdən böyük futbol ailəsinə qoşulub və Region Liqasının iştirakçları sırasında yer alıb.

İctimaiyyət arasında “Bakı”FK-nın varisi olaraq qəbul edilən akademiyanın 19 yaşlılardan ibarət komandası yaxınlarda start götürəcək çempionatın Paytaxt-Şimal zonası üzrə yarışmasında qüvvəsini sınayacaq.

AFFA sənədləşmə ilə bağlı tələblərini yerinə yetirən BFA ev oyunlarını Şağan Olimpiya Kompleksində keçirəcək. Y.Seyidovun bildirdiyinə görə, yaş qrupları arasında “zəncir”in qırılmaması naminə Region Liqasında iştirakı lazım biliblər:

“Aşağı yaşlardan etibarən oynamağa başlayan yeniyetmələr 16-17 yaşa çatandan sonra hara gedəcəyini bilmir. Ölkədə klub sayı azdır.

Premyer Liqada cəmi 8 iştirakçı mübarizə aparır. Birinci Divizionda da komanda sayı məhduddur.

Aydın məsələdir ki, hər futbolçu istənilən yerdə oynaya bilmir. Bəzən baxışa gedir, amma müxtəlif səbəblərdən bəyənilmir.

Ancaq bu, o demək deyil ki, pis futbolçudur, yaxud başqalarından çox zəifdir. Hətta məşhur futbolçular da bu vəziyyətlə üzləşir, komandasını dəyişəndə özünü əvvəlki kimi göstərə bilmir.

Həm də ki, 16-17 yaş fiziki cəhətdən keçid dövrü sayılır. Bu yaşda olan uşaqlar daha çox diqqət və qayğı istəyir. Odur ki, indi onları taleyin ümidinə buraxmaq istəmədik.

Fikirləşdik ki, U-19 komandasını formalaşdıraq və Region Liqasında mübarizə aparaq. Şübhə etmirəm ki, bu komandanın daha bir necə gənci tezliklə Premyer Liqa və Divizion təmsilçilərinin diqqət mərkəzinə düşəcək”.

Xanoğlan İmanov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb.

Əyalətdə futbolumuz və sağlam cəmiyyət naminə fəaliyyət göstərən akademiya

Digər Xəbərlər
Xəbər Lenti