COP29

"Yerli azarkeşlər qarşısında gücünüzü nümayiş etdirməlisiz”

3 May 2019 08:24 Ağır atletika 398
"Yerli azarkeşlər qarşısında gücünüzü nümayiş etdirməlisiz”

Azərbaycanın cüdo idman növü üzrə paralimpiya milli komandasının üzvləri ilə görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, görüşdə Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov, birinci vitse-prezident Natiq Qasımov, baş katib Kamal Məmmədov, kişilərdən ibarət komandanın baş məşqçisi İbrahim İbrahimov və qadınlardan ibarət komandanın baş məşqçisi Ramin İbrahimov iştirak ediblər.

Tədbir Sumqayıt şəhərində yerləşən Paralimpiya İdman Kompleksində baş tutub. MPK rəhbəri İlqar Rəhimov bildirib ki, iki həftə sonra idmançıları olduqca məsuliyyətli yarış gözləyir.

O, ilk dəfə olaraq Bakıda para cüdo idman növü üzrə beynəlxalq qran-pri yarışının keçiriləcəyini xatırladıb:

"Siz də bu yarışlara ciddi hazırlaşırsınız. Artıq bir neçə dəfə təlim məşq toplantılarında iştirak etmisiniz.

İki həftə sonra isə doğma divarlar arasında, yerli azarkeşlər qarşısında gücünüzü nümayiş etdirməlisiniz”.

Yarışın əhəmiyyətindən söz açan Rəhimov deyib ki, bu yarışlar "Tokio 2020" XVI yay paralimpiya oyunlarına lisenziya xalları qazandırır:

"İnanırıq ki, siz bu yarışlarda uğurla çıxış edəcək, "Tokio 2020" Yay Paralimiya Oyunlarına lisenziya xalları qazanacaqsınız".

Daha sonra idmançılara yeni formalar və yarışların akkreditasiyaları təqdim olunub.

Tədbirdən sonra beynəlxalq dərəcəli hakim Mətin Rəhimli para cüdo idman növündəki yeni qaydalar ilə bağlı idmançılara təlim keçib.

Xəbər Lenti