COP29

"Millidən imtina etmək fikrində deyiləm, 100 faiz qayıdacam”

3 Aprel 2019 18:00 Ağır atletika 403
"Millidən imtina etmək fikrində deyiləm, 100 faiz qayıdacam”

“Olimpiya medalımın əlimdən alınması çox pis oldu, ancaq yaxşı xəbər də var”.

Sportinfo.az xəbər verir ki, bunu “Report”a 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum edilən Azərbaycan ağırlıqqaldıranı Valentin Xristov deyib.

25 yaşlı idmançı Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İntizam Komissiyasının daha sərt qərar verməməsinə sevindiyini ifadə edib:

“Yaxşı xəbər odur ki, mənə ömürlük cəza vermədilər və 2023-cü ilə qədər üzləşdiyim sanksiyanı saxladılar.

Buna çox şadam və karyeramı davam etdirmək, yenidən uğur qazanmaq barədə düşünürəm. Medaldan məhrum edilməyimlə bağlı qərardan İdman Arbitraj Məhkəməsinə apellyasiya verməyəcəm”.

Xristov hazırda Bakıda yaşadığını və karyerasını başa vurmaq haqda düşünmədiyini deyib:

“Cəzamın müddəti 2023-cü ildə başa çatacaq. Karyeramı başa vurmağa hazırlaşmıram. Hazırda Bakıda yaşayıram və burada fitnes-zalda məşq edirəm”.

Bolqarıstanlı legioner Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) ilə əlaqəsinin olmadığını desə də, cəzası bitəndən sonra yığmaya qayıtmaq istəyini gizlətməyib:

“Hazırda AAAF-la heç bir əlaqəm yoxdur. Azərbaycan millisindən kənardayam, fərdi şəkilə çalışıram, heç bir yerdə işləmirəm.

Məni xatırlayan yoxdu, hələlik heç kimə lazım deyiləm. Heç kimi müzakirə və mühakimə etmək istəmirəm.

Vaxtı gələndə çıxıb həqiqətləri söyləyəcəm. İndi zamanı deyil. Millidən imtina etmək fikrində deyiləm, 100 faiz qayıdacam”.

V.Xristov “2012-ci il London Yay Olimpiya Oyunları zamanı dopinqi məqsədli şəkildə qəbul etmişdiniz” sualına belə cavab verib: “Həmin vaxt mənim 18 yaşım vardı və pereparatın nə olduğunu bilmirdim”.

IOC İntizam Komissiyası olimpiada zamanı Valentin Xristovun antidopinq qaydalarını pozduğunu üzə çıxarıb.

Bu, dopinq-testlərin təkrar analizləri nəticəsində müəyyənləşib. Bolqarıstanlı legionerin olimpiadadakı nəticələri ləğv olunub.

Onun 56 kq çəki dərəcəsində qazandığı bürünc medalın isə həmin yarışda 4-cü yeri tutmuş vyetnamlı Tran Le Kuok Toana verilməsi qərara alınıb.

Xristov 2012 və 2015-ci illərdə Avropa çempionu, 2011-ci ildə isə dünya çempionatının bürünc mükafatçısı olub.

O, 2013-cü ildə orqanizmindən dehidrometiltestosteron tapıldığı üçün 2 il, 2015-ci ildə orqanizmindən nandrolon aşkarlandığı üçün 8 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.

Xəbər Lenti