Qətərin paytaxtı Dohada keçirilən ağır atletika üzrə “5-ci Beynəlxalq Qətər Kuboku” start götürüb.
Sportinfo.az xəbər verir ki, Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edirlər.
Bu gün onlardan biri – Səbinə Əzimova körpücük üzərinə çıxıb. O, 55 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində 74 kq-la bu hərəkətdə gümüş, təkanla qaldırma hərəkətində isə 92 kq-la bürünc medal qazanıb.
Toplam 166 kq (74+92) nəticə ilə Səbinə Əzimova yekun sıralamada bürünc medala sahib çıxıb.

