Aerobika üzrə Azərbaycan yığmasının üzvü Balaxanım Əhmədova saçlarını xərçəng xəstəliyindən əziyyət çəkən xanımlara bağışlayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə “Saçın saçım olsun” adlı layihənin rəhbəri Sevinc Məmmədova sosial şəbəkədə yazıb:
"Saçını xəstəlikdən əziyyət çəkən xanımlara bağışlayanlardan biri də aerobika üzrə Azərbaycan yığmasının üzvü Balaxanım Əhmədovadı.
Atdığı anlamlı addımla bağlı danışan milli komandamızın idmançısı imkanı olanları bu təşəbbüsə qoşulmağa çağırıb".
B.Əhmədova layihə barədə anasından eşitdiyini deyir: “Anam ölkəmizdə belə bir layihənin həyata keçirildiyini söylədi. Mənim yaxınlarımın içərisində də xərçəng xəstəliyəndən əziyyət çəkən insanlar var.
O hissləri çox yaxşı bilirəm. Gözəl analarımıza, bacılarımıza, körpələrimizə kömək etmək imkanını yaxaladığım üçün çox sevincliyəm. İmkanı olan hər kəsi bu təşəbbüsə qoşulmağa səsləyirəm”.
“Saçın saçım olsun” aksiyasının məqsədi xərçəng və ya digər xəstəliklər səbəbindən saçlarini itirən şəxslərə təbii saçlardan parik hazırlamaqdır.

