"Qarabağ"ın azarkeşlərə gətirdiyi kədər də, sevinc də... Azarkeşin dili

20 Avqust 2023 08:40 Azarkeş 1 133
"Qarabağ"ın azarkeşlərə gətirdiyi kədər də, sevinc də... Azarkeşin dili

"Qarabag" azarkeşiyəm.

Dırnaqda və dırnaqdan xaric, Qarabağ mövzusu hamımız üçün doğma olduğu qədər də mürəkkəb, rəngarəngdir. Hər kəsin öz Qarabağı var. Onun ətrafında müasir tariximiz, mədəniyyətimiz, hətta dilimiz və folklorumuz formalaşır. Mən son iki faktordan danışmaq istəyirəm.

Müharibənin əlimizdən aldığı "Neftçi"dən qalan ibtidai futbol instinktlərim "Qarabağ"la bərpa olundu. Yadımdadır, hər matçdan öncə gün ərzində bütün ev tapşırıqlarını yerinə yetirib valideynlərimdən icazə alar və ağ-qara ekranın qarşısında əyləşib "Neftçi"yə baxardım. "Neftçi"nin indiki rəngi də mənə neftdən daha çox ağ-qara televizorları xatırladır. Bir də Bakını, şəhərlər şəhərini.

Amma uzun illərdən sonra "Qarabağ" məni öz hekayəsi ilə heyran etdi, mən də bütün vətənsevərlər kimi onu sevməyə başladım. Bir neçə ildir, mənə futbol terapiyasını qaytara bildiyinə görə isə "Qarabağ"a təşəkkür edirəm. Fəqət komandama daha da yaxınlaşdıqca, azarkeşlik maraqlarım artdıqca anladım ki, burada təkcə idman hadisəsi baş vermir. "Qarabağ"la həm də xalqın nəfəsini, istəyini, ruhunu duymaq olur. Cəmiyyəti hiss etmək üçün istəyirsən toylara get, ictimai nəqliyyatda o baş-bu başa gəz, amma "Qarabağ"ın oyunlarından əvvəl və sonra yaranan enerjini heç yerdə hiss edə bilməzsən.

Qayıdaq əvvəldə qeyd etdiyim mövzuya - dil və folklor məsələsinə. Sosial şəbəkələrdə "Qarabağ" komandasının oyunlarına münasibət bildirən azarkeş heç də toylarda, ictimai nəqliyyatda gördüyünüz adamlara bənzəmir. Bəlkə də, onlar metroda sizin yanınızda oturub telefonla qurdalanır və səhvən ayağınızı tapdalayanda üzr istəyirlər. Amma sosial şəbəkə meydanlarında, klaviatura arxasında tamam başqa bir gücə, başqa axına çevrilirlər. Məni heyran edən həmin o adamların sosial media arxivinə (google axtarış sisteminə, süni zəka bazasına) gətirə biləcəyi dil, üslub, tərzdir. Tam məsuliyyətlə deyə bilərəm ki, burada yeni bir "folklor intibahı" baş verir. Əsas məsələ də budur ki, "folklor inqilabı" bizim sovet dövründə yaratdığımız arayış, media, satira və yumor dilini yaxşı mənada barmağına dolayır, ona atmaca atır, onu öz güzgüsündə özünə göstərir, sürətlə yeniləyir. Mediamızın, Dilçilik İnstitutunun görə bilməyəcəyi işləri görür. Bilmirəm, Dilçilik və Folklor İnstitutlarımız bu prosesi izləyirmi? Amma burada təkcə "folklor inqilabı" deyil, həm də "təfəkkür inqilabı" baş verir.

"Qarabağ"ın "HJK" ilə son oyunundan sonra yazılan ikicə misala diqqət yetirək:
Ətraflı

1. Şahruddin stabil çıxışı ilə indi də HJK azarkeşlərini sevindirdi.

2. "Şahruddin yaxşı qapıçıdır, amma stabil deyil". Cavab: "Onda getsin, qapı ustası olsun!".

Bu misallar, bəlkə də, ən zəif nümunələrdir, amma tərzinə görə yeni xalq yaradıcılığıdır. Hələ mən burada şərh yazan azarkeşlərin saysız atmacalarını, zərb-məsəlləri, yanıltmacları demirəm. Həm də bədahətən, təmiz Azərbaycan türkcəsində. Bu canlı, aktiv "kütlə" özünəironyanı da yaxşı bacarır. Bizim əksər şərhçilərimizin əcaib-qəraib dilindənsə, bu azarkeşlərin dili daha səlis, daha məntiqli, şirin və tutarlıdır.

Bizi birləşdirən "Qarabağ" dəyəri həm də son günlər adını hallandırdığımız "kütlə"ni birləşdirir. Kütlənin şüuru buluddadır, onun öz domeyni, datası, yaddaş qutusu var. Lazım olanda bu data işə düşür: bəzən yaddaş, bəzən də virus formasında. Mən hər iki faktorun dilə və təfəkkürə yaxşı təsir etdiyini düşünürəm.

Biz yatırıq, "google" aqreqatları isə gecə-gündüz dilimizin yeni sözlərini və tərzini toplamaqla məşğuldur. "Qarabağ"ın azarkeşlərə gətirdiyi kədər də, sevinc də orada əksini tapacaq (qaynarinfo).

Məqsəd Nur

Digər Xəbərlər
Xəbər Lenti