Deyirəm, Ehtiram Quliyev «Turan Tovuz»a qələbə qazandırmağın yeni yolunu tapıb.
Hərdən haray-həşir salmaq lazımdır, işə yarayır.
O, «Zirə»yə 0:2 hesabıyla uduzduqları kubokun yarımfinal mərhələsinin ilk oyunundan sonra necə çığır-bağır saldısa, Əliyar Ağayevin timsalında suyu bir dizi üstə əyləşib içən hakimlərə nətəhər təpindisə, day hamı qorxuya düşüb.
Biri elə Kamranbəy Rəhimov. Gəncədən olan baş hakim «Turan»ın «Sumqayıt»la oyununda özünü elə «quzu» kimi apardı ki…
Cavan oğlanın 90 dəqiqə ərzində bir gözü meydanda idisə, digər gözü tribunada - VİP-lojanın yerləşdiyi hissədə qalmışdı. Narahatlığını içində boğa bilməyən, siqareti bir-birinə calayan Quliyevdən da çaşqın görünürdü o.
Belə anların birində Rəhim Sadıxov cərimə meydançası daxilində topun qarşısını kəssə də, Rəhimov penalti düdüyünü çalmadı, «Turan» 2:1 hesabıyla qalib gələrək, turnir cədvəlinin üçüncü pilləsindəki yerini bir qədər də möhkəmləndirdi.
Kamranbəyin Tovuzda «Turan»a simpatiya bəsləməsi, «Sumqayıt»ın penaltisini verməməsi «gözü çıxmış qardaş» haqda məşhur təmsilin müasir nümunəsidir.
Hörmətli Ehtiram müəllimi bu münasibətlə təbrik edir, ona tutduğu yolda bol-bol uğurlar arzulayıram!
Güman eləyirəm ki, o, son oyuna görə məşqçi və futbolçulara mükafat paylamayıb. Yaxud paylamaz.
Nə mükafat olacaqsa, qoy hamısını özünə götürsün. Bu puldan komandaya 1 manat da çatmamalıdır.
Mükafat son qəpiyinə görə dəyərli zatın özünə çatmalıdır.
Əlbəttə, o həngamə qopmasaydı, hakimlər «Turan»ın qayğısına qalmazdı. Öz aramızdır, kim istəyər ki, haqqında elə sözlər işlətsinlər.
Bərəkallah, belə də davam etsinlər! Ehtiram Quliyev klubu yaxşı idarə edə bilməsə də, onların «zəif yeri»ni tapıb.
Yəqin müəllimin özü də son hadisələrə sevinir. Düzdür, AFFA verdiyi məlum açıqlamalara görə onu 15 min manat cərimələyib, amma bu məbləğ Quliyev üçün heç nədir, «semiçka» puludur.
Ancaq bu gün 3 xal sədrdən ötrü daha əhəmiyyətlidir, daha vacibdir. Neyləyir e, hər dəfə komanda 40-50 min manat mükafat paylayır.
Üç-beş jurnalistin başına dolanırsan, danışırsan, əliyarkimiləri «asıb-kəsirsən», qalanları bundan «pay»ını götürür, özünü yığışdırır, olur qulluğunda müntəzir.
Qəşəng «xod»dur.
Nəsimi Nəsibov

