Riad Rəfiyevi gözdən salmaq üçün ARXADAN ZƏRBƏ

17 May 2020 20:40 Sumqayıt 985
Riad Rəfiyevi gözdən salmaq üçün ARXADAN ZƏRBƏ

Yeni ilin qədəmləri «Sumqayıt»a düşərli olmadı.

Klub fevraldan bəri maliyyə problemləri ilə üz-üzə qalıb.

O tarixdən bəri ödmələrdə uzun fasilələr yaranıb. Fevral və mart aylarının əməkhaqqı yarımçıq ödənilib. Aprelin əməkhaqqısından isə ümumiyyətlə xəbər yoxdur.

Rəhbəri olduğu klubun maliyyə vəziyyətini düzəltməyə çalışan Riad Rəfiyev növbəti dəfə baş sponsor tərəfindən aldadılıb. «Azərikimya» aprel ayının pulunu köçürəcəyini vəd etsə də, sonradan məlum olub ki, bu, sadəcə, sözdür.

Əlbəttə, bu da kollektivdə haqlı narazılıq yaradıb. Və təbii ki, indən belə komandanı nəzarətdə saxlamaq çox çətin olacaq. İşdir-şayəd, mövsüm bərpa edilsə, mövcud problemlərin arasından sivişib çıxmaq, uğur qazanmaq çətin məsələdir.

Çünki «Sumqayıt» iki «cəbhə»də mübarizəni davam etdirir – həm Premyer Liqada, həm də kubokda. Çempionatda 4-cü yerdə gedən «kimyaçılar» kubokun yarımfinal mərhələsindədir. Qısacası, Ayxan Abbasovun çalışdırdığı kollektiv avrokubokların astanasıdır.

Ya tutar qatıq, ya ayran – amma bu prinsiplə də yola davam etmək təhlükəlidir. Çünki prezident və baş məşqçinin əl-ələ verib qurduğu sistemdə sabitlik əsas şərtdir. Bunun da yolu maliyyə təminatının vaxtlı-vaxtında yerinə yetirilməsindən keçir.

«Azərikimya» İstehsalat Birliyi «Sumqayıt»ın baş sponsorudur. Klubun əsas maliyyə mənbəyi SOCAR-ın bu müəssisəsindən gəlir. 2011-ci ildən Premyer Liqada çıxış edən «kimyaçılar» ötən illər ərzində zaman-zaman maddi sıxıntılardan əziyyət çəkib, düzdür. Ancaq vəziyyət heç vaxt indiki kimi çətin hal almayıb, bu həddə çatmayıb. Desək ki «Sumqayıt»ın saxlanması böyük pul aparır, düz olmaz. «Gənclik şəhəri» təmsilçisinin illik büdcəsi 2 milyon manatı keçmir və onlar bu sıralamada Premyer Liqanın ən «yüngül» çəkilişi iştirakçısıdır. «Azərikimya»nın ayırdığı vəsait 1 milyonu keçməz, büdcənin qalan hissəsi digər tərəfdaşlardan gələn vəsait hesabına fıormalaşır. Belə olan təqdirdə, ayda 50-60 min manat vermək «Azərikimya» kimi böyük müəssisə üçün nədir ki… Əslində, qəpik-quruş.

Dəməli, işin içində başqa nəsə var. Söylənilənlərə görə, «Azərikimya»nın baş direktoru İmran Arzumanzadə klubun rəhbərliyinə öz adamını gətirmək istəyir. Düzdür, «Sumqayıt»ın vitse-prezidenti Vaqif Ömərov elə zavodun öz adamıdır və gələn maliyyə də onun əlinin altından keçir. Ancaq istənilən halda Ömərov Rəfiyev deyil və son söz sahibliyi səlahiyyətini daşımır. Kamran Quliyev 2 il öncə «Sumqayıt»ı atıb «Neftçi»yə gedəndən sonra o, prezident ola bilərdi. Buna şansı da var idi. Gəl ki, bəlkə yaşının çoxluğuna və səhhətinə görə, bəlkə də başqa səbəblərdən prezident vəzifəsinə təyinatı rəsmiləşmədi.

Açığını demək lazımdırsa, İmran Arzumanzadənin Riad Rəfiyevi maddi planda qəsdən sıxması və bu yolla klub daxilində narazılığın yaranmaq məqsədi güdməsi barədə deyilənlər bizə o qədər də inandırıcı gəlmir.

Arzumanzadə neft sektoruna bağlı yetərincə iri müəssisənin rəhbəridir və gəlirindən şikayət etməməlidir. Belə götürəndə, «Sumqayıt»a ayrılan puldpa niyə gözü qalsın ki..?

Çox güman ki, klubun üzləşdiyi problemlər üçüncü tərəfin kənar təsirlərinin nəticəsidir. Həmin bu üçüncü tərəfi isə biz Rəfiyevin uzağında yox, elə yaxınında – AFFA-da axtarmalıyıq.

Elxan Məmmədovun çevrəsindəkilərin bir çoxunun onunla «mehriban düşmən» olması, ayağının altını qazması sirr deyil. Artan nüfuzundan, futbol ailəsinin onu özünə doğma bilməsindən narahatdılar, gözlərinə yuxu getmir.

Bəzi mətbu orqanlarda onun əleyhinə aparılan «qara piar» kampaniyasının sifarişçiləri də həmin məxluqlardır. Yaddan çıxarmayaq ki, bu, son 1 ilə kimi daha geniş vüsət almışdı. Və burada fikir onu gözdən salmaq, daha da irəli getməsini önləmək idi.

Hakimlər vasitəsilə, o cümlədən, komandanın içinə «desant» atmaqla yolunu bağlamağa çox cəhd göstərsələr də, «gənclik şəhəri» təmsilçisi kubokda finaladək irəlilədi, tarixinin bir ilkinə, ən ciddi uğuruna imza atdı.

Məqsədyönlü və səbrli fəaliyyətin nəticəsində «Sumqayıt» cari sezon da «boyundan yuxarı tullanmağa» hazırdır, buna yaxındır. «Azərikimya» ilə hörmətli Riad bəyin arasına soxulmaq istəyənlər atanlar, heç şübhəsiz ki, var və koronavirus pandemiyası onlar üçün sadəcə, bir fürsət, bir məqamdır. Bulanıq suda balıq tutmaq niyyəti ilə.

SPORTİNFO.AZ

Xəbər Lenti