
“Bu il daha ümidliyəm...“6-lığ”a düşmək bizim üçün çətindir”
“Şamaxı”nın növbəti mövsümdə necə təsir bağışlayacağı çoxlarına maraqlıdır.
Heyətlə bağlı köklü dəyişikliklər edərək legionerlərlə gənc futbolçuların sintezindən kollektiv quran Ayxan Abbasov ciddi riskin altına girib.
Lakin təcrübəsi və Premyer Liqaya yaxından bələd olması ona bu işdə kömək edə bilər.
Abbasovla ötən həftə istirahət məqsədilə yollandığım Qəbələdə görüşdük. “Şamaxı”dan başlayıb, eyni zamanda rəhbərlik etdiyi U-21 millimizlə bağlı suallarla yekunlaşdırdıq.
(əvvəli ötən yazıda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/226212.html)
- Eyni anda həm U-21-də, həm də “Şamaxı”da işləməyin çətinliyi ilə bağlı sizə bir neçə dəfə sual verilib. Çətin olmadığını demişdiniz. Yenə eyni fikirdəsiniz?
- Harada işləməyimizdən asılı olmayaraq məsuliyyətimiz böyükdür. Millidən gələn təklifi qəbul edəndə, bizi hansı çətinliklərin gözlədiyini bilirdik. U-21-də işləmək elədir ki, tək bu günü yox, növbəti illəri, qarşıdan gələn seçmə mərhələni düşünürük. İmkan düşmüşkən yoldaşlıq görüşləri keçirdik, seleksiyanı davam etdiririk. İstəyimiz odur ki, ixtiyarımızda 50 yox, 70 futbolçu olsun, aralarıda bir neçəsi əsas milliyə dəvət alsın, Premyer Liqada oynasınlar. Qarşıda bizi ağır matçlar gözləyir. İzləyirik, işləyirik, müəyyən planlar qururuq. İnşallah, bəhrəsini görərik.
- U-21-in bir neçə üzvünü “Şamaxı”da görmək istəsəniz də, futbolçuların məxsus olduğu klublardan istəyinizə qarşı çıxanlar oldu. Bu, sizə necə təsir edir?
- Normal qarşılayıram. Məlumdur ki, gənclərin hamısına birdən “Şamaxı”da şans verə bilmərəm. Bizdə olmasalar belə, öz komandalarında oynamalarını arzulayıram. Ötən mövsüm bəzi futbolçular əsas komandada şans qazanmaq bir tərəfə, hətta məşq proseslərindən kənarda qalırdılar, daha çox əvəzedici heyətdə məşq edirdilər. Bu da istər-istəməz futbolçuların hazırlıq səviyyəsinə təsir edirdi. Bəzi futbolçular mart-may ayları aralığında lazımınca şans qazanmadığından fiziki göstəriciləri aşağı düşmüşdü. Çox istərdim ki, U-21-in üzvləri əsas komanda ilə məşqlərdə iştirak edib, mütəmadi olmasa da, bəzi görüşlərdə şans qazansınlar.
- Onsuz da limit aradan qaldırılıb. Klubların gəncləri “Şamaxı”ya göndərmək istəməməsinin kökündə nə dayanır?
- Futbolçunun klubla müqaviləsi varsa, biz onların işinə qarışa, yaxud nəyəsə məcbur edə bilmərik. Bəzi klublar müraciətimizə isti yanaşdı, bəziləri futbolçuları vermək istəmədi. Nə deyim?
- Gənclər millisinin baş məşqçisi olaraq Premyer Liqadakı həmkarlarınızla görüşləriniz olur?
- Olur. “Zirə”, “Araz-Naxçıvan”, “Neftçi” kimi komandalarla mütəmadi əlaqədəyik.
- Əcnəbi baş məşqçilərlə necə?
- Qəbələdəyik deyə, “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze ilə tez-tez söhbət edirik. Sevindirici haldır ki, “Qəbələ” gənc futbolçulara şans vermək istəyir. Premyer Liqamıza yeni gələn baş məşqçilərlə də imkan düşdükcə görüşüb, fikir mübadiləsi aparmaq niyyətimiz var. Hətta legioner çalışdırıcıların özləri ilə olmasa belə, azərbaycanlı köməkçiləri ilə danışırıq, maraqlanırıq.
- U-21-in əsas missiyası əsas milli üçün futbolçular hazırlamaqdır, bu, məlumdur. Digər tərəfdən ictimaiyyət yığmalardan nəticə gözləyir. Çünki gənclərin qalib ruhda böyüməsi üçün uğurlu nəticələr mütləqdir. Yaxın gələcək üçün U-21-dən nəticə gözləməyə dəyər?
- Hamı kimi biz də qələbələrin olmasını istəyirik. Uduza-uduza inkişaf etmək mümkün deyil. Yüksəyə qalxmaq üçün mütləq qələbələr qazanmalısan. Lakin bu, bir-iki günün işi deyil. U-17, U-19 kimi millilər elit raunda yüksəlib, orada təcrübə qazandıqca bunun faydasını U-21-də görəcəyik. Problemləri bilirik. Sevindirici məqam odur ki, AFFA-nın yeni rəhbərliyi akademiyaların inşası, uşaq futbolun inkişafı yönündə müəyyən addımlar atır, inkişaf planı hazırlanıb. Azarkeşlərin narahatlığını anlayıram. Onların da bizi başa düşmələrini istəyirik. Ümidliyəm, işimizə bu cür davam etsək, 5 il ərzində aşağı yaş qruplardan ibarət millilərlə yaxşı nəticələr qazana bilərik.
HƏBİB / SPORTİNFO.AZ