
"Araz Naxçıvan"ın icraçı direktoru Eldəniz Yusifov Sportinfo.az-a müsahibə verib.
Təcrübəli klub funksioneri yay transfer çalışmalarından və klubun yeni mövsümlə bağlı iddialarından geniş danışıb.
- "Araz Naxçıvan"ın yeni transfer hədəfi kimlərdi?
- Rahil Məmmədov transferi ilə transfer çalışmalarına nöqtə qoyduq.
- Yay transfer pəncərəsində baş məşqçinin arzuladığı heyəti tam olaraq qurmaq mümükün oldu?
- Demək olar ki, Elmar müəllimin tapşırıqlarına uyğun olaraq işlərimizi qura bildik. Komanda tam komplektləşib. Bundan sonra transfer fəaliyyətimiz olmayacaq.
- Digər klublarla müqayisədə "Araz" heyətini daha erkən qurmağı bacardı. Bunu necə bacardınız?
- 17 may Şamaxıda Konfrans Liqasına vəsiqəni təmin etdik. Ondan sonra dərhal çalışmalara başladıq. Gedənlər məlum idi. Baş məşqçinin istəyini rəhbərlik təsdiq edəndən sonra gələnlərlə bağlı işlərə başladıq. Şükür Allaha, artıq prosesi yekunlaşdıra bilmişik.
- Edilən transferlərdən hədəflərin böyük olduğu görünür. Konkret məqsəd nədir?
- Bəli, böyük iddiamız var. Hazırlığımız yaxşı keçdi. Baş məşqçinin verdiyi plan əsasında yaxşı şərait yaradıldı. Yoxlama görüşlərimiz istədiyimiz kimi oldu. "Trabzonspor" kimi rəqiblə qarşılaşdıq. Tam olmasa da 70% razı qaldıq.
- Futbolda uğur olduğu kimi, uğursuzluq da var. "Aris"lə cavab görüşündə nəticə arzuolunan kimi olmasa, bu məqam yeni mövsümün planlarına təsir edə bilər?
- Xeyr, təsir etməyəcək. Amma inanırıq ki, səfərdə lazım olan nəticəni qazanacağıq. Komandaya güvənirik. Premyer Liqada da hədəflərimiz daha yüksək yerlər olacaq. Heyətimiz, gücümüz buna imkan verir.
- Futbol ictimaiyyəti "Aris"lə görüşdən sonra bu komandanın "Qarabağ"la çempionluq mübarizəsində ola biləcəyini belə müzakirə edir. Buna hazırsınız?
- Konkret hansısa komanda ilə rəqabət aparmaq istəmirik. Yalnız öz hədəfimiz uğurunda mübarizə aparırıq.
XANOĞLAN İMANOV