“Qarabağ”, vişnəsiz də qəbulumuzdur

9 Dekabr 2021 11:40 Qarabağ 1 085
“Qarabağ”, vişnəsiz də qəbulumuzdur

“Qarabağ” klub tarixinin ən önənli oyunlarından birinə hazırlaşır.

Ötən tur “Omoniya” ilə Bakıdakı 2:2-nin sayəsində əsas rəqibi “Bazel”i top fərqində özündən irəli buraxan təmsilçimiz qrupu ilk pillədə başa vurmaq üçün İsveçrədə qələbə qazanmağa məhkumdur.

Qurban Qurbanovun yetirmələrindən nə tələb etdiyini deyə bilmərəm. Heç klub rəhbərliyinin istəyindən də xəbərdar deyiləm.

Bilinən odur ki, “Qarabağ” lazım olan tapşırığın öhdəsindən çoxdan – “Kayrat”ı səfərdə məğlub edəndə gəlib.

Dünənə qədər avrokubokların payızına həsrət qalmışıqsa, məhz “Qarabağ” intizarında olduğumuz sevinci bizə yaşatmaqla növbəti dəfə könüllərə yol tapdı.

Yəni, İsveçrədəki görüşün yekununda tabloda hansı rəqəmlərin yazılmasından asılı olmayaraq Avropadakı qürurumuz pley-off mərhələsinə vəsiqəni təmin edib.

İstək 5 manat artıq pulun və pley-off mərhələsində nisbətən münasib rəqiblə qarşılaşmağın həvəsidir.

Odur ki, tələskənliyə, narahatlığa, xaosa qəti ehtiyac yoxdur. “Qarabağ” “Bazel”i udsa da, heç-heçə etsə də, lap bu rəqibə uduzsa belə, yenə qəhrəmanlar toplusudur.

İstəyimiz, arzumuz nə idi? Avrokubokların payız sessiyasında Azərbaycan təmsilçisini görmək? Görəcəyik zatən. Ağdamlıların bileti xeyli vaxtdır cibindədir.

Bənzətmə ilə desək, bu komanda arzuladığımız tortu çoxdan qabağımıza qoyub. “Bazel” üzərində məğlubiyyət tortun üstündə vişnə effekti verib, şirniyyata əlavə dad qatacaq. Alınmasa da, canları sağ olsun.

Vişnəsiz də qəbulumuzdur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!